"Vətən səsi" xəbər verir ki, artıq Laçında dəfn mərasimlərinə məhdudiyyətlər aradan qaldırılıb. Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev bir neçə gün əvvəl jurnalistlərə açıqlamasında deyib ki, Laçında dəfn mərasimlərinə icazə verilib. Onun sözlərinə görə, hazırda Laçına köçürülmüş ailələr deyil, digər ərazilərdə məskunlaşmış laçınlılar da dünyasını dəyişən doğmalarını burada dəfn edə bilirlər.
İşğaldan azad edilən digər rayonlarda da bu məhdudiyyətin aradan qaldırılması gözlənilirmi?
Yazıçı Tağı Türk işğaldan azad edilmiş torpaqlarla bağlı cəmiyyətin diqqətini cəlb edən humanitar təşəbbüslə çıxış edib. O, işğaldan azad olunmuş rayonların sakinlərinə dünyasını dəyişən doğmalarını doğulduqları ərazidə dəfn etməyə icazə verilməsini istəyir. Onun fiukrincə, hələlik tikinti və məskunlaşma prosesi başlamayan kəndlərdə, xüsusilə ailə məzarlarının olduğu yurd yerlərdə belə məhdudiyyətlər aradan qaldırılmalıdır: "İşğaldan azad edilmiş, lakin tikintisi aparılmayan kəndlərdə vəfat edənlərin dəfninə icazə verilməlidir. Bu məsələ təkcə fiziki məkanla bağlı deyil, həm də insanların mənəvi bağlılığı və milli kimliyinin bir hissəsidir. Kəndlərimiz azaddır, amma hələ tikintisi aparılmayıb. İnsanlar öz torpaqlarına qovuşmaq üçün illərlə həsrət çəkib, onların doğma kəndində dəfn olunmaq haqqı tanınmalıdır. Bu, nəinki insani, həm də dini və milli borcdur. Bu cür yanaşma həm də bölgələrin tarixi yaddaşını qorumağa, ailə köklərinin yerindəcə yaşamasına xidmət edərdi".
Yeri gəlmişkən, bu məsələ bir neçə gün əvvəl Milli Məclisin iclasında da müzakirə edilib. Millət vəkili Ceyhun Məmmədov bildirib ki, yaxın vaxtlarda işğaldan azad edilən digər rayonlarda da buna şərait yaradılacaq, beləliklə, insanlar öz yaxınlarını doğma torpağında dəfn edəcək: "Artıq Laçın rayonunda qeydiyyatda olanlar vəfat edən əzizlərini doğma yurdda dəfn etməsinə icazə verilib. İşğaldan azad edilmiş digər rayonlarda da analoji addımların atılacağı gözlənilir. Bu prosesin qısa müddətdə baş verməsi asan məsələ deyil. Hansı ərazilərdə mina təhlükəsi yoxdursa, dövlət bu məsələni həll edir. Ancaq mina təhlükəsi olan ərazilərdə səbrli olub gözləmək lazımdır. Bu reallığı vətəndaşlar nəzərə almalıdır”.
Millət vəkili deyib ki, işğaldan azad edilmiş ərazilərdə qəbiristanlıqlarda mina təhlükəsi yüksək olduğu üçün bu məsələyə həssaslıqla yanaşılmalıdır. Lakin onun fikrincə, 30 ilə yaxın vətən həsrəti çəkən ailələrin də arzu və istəklərini eyni dərəcədə həssaslıq göstərilməlidir: "İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri mərhələli şəkildə başa çatdıqca əhalinin köçürülməsi də paralel şəkildə davam edir. Ona görə də belə məsələlərdə tələsmək olmaz. Vətəndaşlar nəzərə almalıdır ki, mina təhlükəsinin olması dövləti ciddi narahat edir və bunun qısa müddətdə həll olunması üçün lazımi işlər görülür. Hazırda Laçında dəfn mərasimlərinə icazə verilib. Ümid edirəm ki, yaxın vaxtlarda işğaldan azad edilən digər rayonlarda da buna şərait yaradılacaq və insanlar dünyasını dəyişən yaxınlarını doğma torpağında dəfn edəcək”.
Elxan SALAHOV