27.06.2025, 17:22
AZ EN
02.06.2025, 14:05 212

Rasim Məmmədov -75

XƏBƏRLƏR
  • Ölkəmizin tanınmış alimi və istedadlı təhsil təşkilatçısı, BDU-nun Fizika fakültəsinin dekanı (2004-2012), dekan müavini (1999-2004), fizika-riyaziyyat elmləri doktoru, Optika və molekulyar fizika kafedrasının professoru, “Tərəqqi” medalına layiq görülmüş nəcib insan və nüfuzlu ziyalı Rasim Məmmədov 75 illik ömrünü şərəflə yaşayıb.

Rasim Qara oğlu Məmmədov 1950-ci il iyunun 1-də Qərbi Azərbaycanın Basarkeçər rayonunun Nərimanlı kəndində ziyalı ailəsində anadan olub. 1967-ci ildə Nərimanlı kənd orta məktəbini Qızıl medalla bitirib, Azərbaycan Texniki Universitetin Avtomatika və Hesablama Texnikası fakültəsinə daxil olmuşdur. Yüksək göstəricilərinə görə 3-cü kursda sonra təhsilini davam etdirməyə  Moskva İdarəetmə Problemləri İnstitutuna göndərilmişdir. 1972-ci ildə həmin ali məktəbi Fərqlənmə diplomu ilə başa vurmuş, təyinatla Bakı  Dövlət Universitetinin Optika və molekulyar fizika kafedrasına göndərilmişdir. 1976–1979-cu illərdə BDU-nun Radiofizika ixtisası üzrə aspiranturasında (doktoranturasında) təhsil almış, 1983-cü ildə namizədlik (fəlsəfə doktoru), 2004-cü ildə doktorluq dissertasiyaları müdafiə etmişdir.

Professor Rasim Məmmədov “Əlavə elektrik sahəli metal – yarımkeçirici kontakt fizikası” adlı yeni elmi İstiqamət açmış və bu sahədə “Əlavə elektrik sahəli metal – yarımkeçirici kontaktlar" adlı rus dilində ilk monoqrafiyanı yazmışdır. Bu elmi istiqamət üzrə ölkəmizin və Rusiya, Ukrayna, Belorus, İran və digər xarici ölkələrin Elmi Mərkəzlərində elmi-tədqiqat işləri yerinə yetirilərək mühüm elmi-praktiki nəticələr əldə etmişdir.

Professor Rasim Məmmədov fizika üzrə Elmi Kəşfin müəllifi kimi İsveç Krallığının Elmlər Akademiyasının təqdimatı ilə Nobel Mükafatına Namizəd olaraq Fizika üzrə Nobel Komitəsinin dəvəti ilə 2020 və 2023-cü illərin Fizika üzrə Nobel Mükafatı müsabiqəsinin iştirakçısı olmuşdur. 

Hazırda yaratdığı Elmi Məktəbdə  real makro- mikro və nanokontaktlarda baş verən elektron proseslərin  elmi - tədqiqatı və alınan mühüm elmi nəticələrin bakalavriat, magistrant və doktorantların tədris prosesinə tətbiq etməklə elmi-pedaqoji fəaliyyətini davam etdirir.

Fizika fakültəsi Elmi Şurasının üzvü, “Bakı Universiteti Xəbərləri” və  «Journal of Baku Engineering University» jurnallarının redaksiya heyətlərinin və Respublika Jurnalistlər Birliyinin üzvüdür.

200-dən artıq elmi əsərin, o cümlədən, 1 monoqrafiya, 4 dərs vəsaiti, 1 elmi kəşf, 5 ixtira və 50 elmi publisistik məqalənin müəllifidir.

Səmərəli elmi-pedaqoji fəaliyyətinə görə “Tərəqqi” və “BDU-nun 100 illik Yubileyi” medalları ilə təltif olunubdur.

Böyük alim və nəcib insan olan professor Rasim Məmmədovu 75 illik şərəfli yubileyi münasibətilə təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər