44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri də Elvindir.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elvin Ziyafət oğlu Novruzov 2001-ci il mayın 3-ü Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhəri Tofiq İsmayılov adına 29 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi.
Bir çox gənclərimiz kimi Elvini də Qarabağın yağı tapdağında qalması çox narahat edirdi. Xidmət etdiyi müddətdə çalışırdı ki, hərbin sirlərinə dərindən bələd olsun. Dostlarının sözlərinə görə Elvin deyirmiş ki, Qarabağı biz gənclər azad etməliyik, bu bizim borcumuzdur. Başqa cür biz rahat ola bilmərik. Buna görə də çox alışmalıyıq...
Elvin Novruzov 2019-cu il iyunun 22-si hərbi xidmətə çağırılmışdır. Xidmətinə Ağcabədidə başlayan Elvin Novruzov manqa komandiri vəzifəsinə kimi yüksəlmişdir.
Qəhrəmanımız 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Oktyabrın 23-də Qubadlı istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur.
Elvin Novruzov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin.
Tahirə AĞAMİRZƏ