Evin yeganə oğlu olduğuna görə anası onu bir qədər erkən bəyəndiyi qızla nişanlayır: “Əsgərlikdən qayıdandan sonra toyunuzu edərik bala”, - deyir. Elnurun üçrəngli bayrağa bükülmüş tabutu gəlir evlərinə. Şəhidimizin atası Qədir kişi isə oğlunun son dəfə yazdığı məktubundan söz açır: “Oğlum həmişə deyərdi ki, gələcəkdə mənimlə fəxr edəcəksiniz. Amma müharibədə olanda bizə heç nə deməzdi. Elnur şəhid olandan sonra döyüş yoldaşları, komandiri bizə gələndə Elnurun müharibəyə gedən zaman yazıb qoyduğu məktubu gətirmişdi. Balamın məktubunu oxuyan hər kəs ağladı. Baxın, oğlum nə yazır: “Salam atam, anam. Bilirsiniz, müharibə başlayıb, mən də döyüşlərə gedirəm. İnşallah, Qarabağı azad edəndən sonra görüşərik. Özünüzdən, bacılarımdan muğayat olun. Siz bilirsiniz ki, oğlunuz vətənpərvərdir”. Elnur məktubun sonunda onu da qeyd edir ki, məktubum kimin əlinə keçsə, valideynlərimə çatdırsın. “İnanın ki, Vətən üçün canını qurban verən, heç zaman valideynlərinin üzünə ağ olmayan, onların həmişə hörmətini saxlamış oğlumla bu gün fəxr edirəm”, deyir atası...
Atası söhbət zamanı onu da xatırlatdı ki, Elnur körpə ikən sağalmaz xəstəliyə tutulmuşdu. Neçə xəstəxanada dərdinə çarə tapılmayan Elnuru kənddəki yaşlı bir qadın təbii otlardan hazırladığı məlhəmlə sağaltmışdı. Demə, Elnur böyüyüb Vətən uğrunda vuruşaraq şəhid olacaqmış. Bir vaxt dediyi kimi, indi doğmaları onunla qürur duyurlar.
Şanlı Zəfər tariximizə adını qanıyla yazan igid oğullarımızdan biri də şəhid əsgər Elnur Qədir oğlu Əbdülovdur. O, 2002-ci il aprelin 23-də Astara rayonunun Ağkörpu kəndində anadan olub. Kənddə orta məktəbi bitirib. 2020-ci ilin aprel ayında Astara rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Düşmən tapdağında olan ərazilərimizin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı həqiqi hərbi xidmətdə olan Elnur Vətənin əsgəri kimi döyüşlərə qatılıb. Sentyabrın 28-də Kəlbəcərin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz 2020-ci il oktyabrın 2-də böyük izdiham və ehtiramla dogma kəndlərində torpağa tapşırılıb.
Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elnur Əbdülov ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları və “III dərəcəli Rəşadət” ordeni“ ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Elnur balamız!
Mina RƏŞİD