28.06.2025, 12:50
AZ EN
04.04.2025, 09:17 301

Bu gün "Aprel" şəhidimiz - polkovnik Vüqar Yusifovun anım günüdür

XƏBƏRLƏR
  • Azərbaycan Silahlı Qüvvələrinin polkovniki olan Vüqar Nurəddin oğlu Yusifov 1976-cı il noyabrın 2-də Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1993-cü ildə orta məktəbi başa vuraraq Türkiyə Respublikasında Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olub və 1998-ci ildə "leytenant" rütbəsi alaraq bu məktəbdən məzun olub. Müdafiə Nazirinin əmrilə “N” saylı Xüsusi Təyinatlı hərbi hissədə taqım komandiri vəzifəsinə təyin olunub. XTQ kursunu müvəffəqiyyətlə başa vurduqdan sonra 2002-ci ildə taborun qərargah rəisi, 2003-cü ildə isə tabor komandiri vəzifəsinə təyin olunub. 2007-ci ildə Amerika Birləşmiş Ştatlarında "Fort Haucka" quru qoşunları bazasında Kəşfiyyat kapitanı təkmilləşdirmə kursunda, 2011-ci ildə isə Pakistanda Xüsusi təyinatlı təkmilləşdirmə kurslarında iştirak edib.

Azərbaycan ordusunda sayılıb seçilən kadrlardan olan polkovnik Vüqar Yusifov dəfələrlə düşmənin diversiya hərəkətlərinin qarşısını alıb. Düşmənin 2014-cü il avqustunda cəbhəyanı yaşayış sahələrimizə təxribatının qarşısının alınmasında isə xüsusi xidmətlər göstərib, komandanlığın əmrini qüsursuz icra edib. Vüqar Yusifov 2016-cı ilin "Aprel döyüşləri" zamanı 4 aprel tarixində Tərtər rayonunun Talış yüksəkliyində baş verən döyüş zamanı qəhrəmancasına şəhid olub. Aprelin 6-sı isə doğulduğu Şəmkir rayonunun Şiştəpə kəndində son mənzilə yola salınıb.

Vüqar Yusifov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər