Bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov deyib.
R.Həsəbov bu bayramın əsas xüsusiyyətlərini qeyd edərək deyib: “Novruz bayramı etnik və dini kimliyindən asılı olmayaraq hər kəsin qeyd etdiyi bir bayramdır. Azərbaycanda bu bayramı müsəlmanlar da, yəhudilər də, digər icmalar da böyük sevgi ilə qeyd edirlər. Tonqal ətrafında toplaşmaq, bayram süfrəsi ətrafında birləşmək, küsülülərin barışması Novruzun ən vacib ənənələrindən biridir. Bu bayram Orta Asiya və türk xalqları arasında geniş yayılıb. Tarixən atəşpərəstliklə əlaqələndirilsə də zamanla İslami ənənələri də özündə birləşdirib”.
İcraçı direktor bildirib ki, uşaqlıqdan bəri Novruz onun üçün ən sevimli bayramlardan biri olub. Bunun əsas səbəblərindən biri bayramın uzun müddət davam etməsidir. Novruz təkcə bir gün qeyd olunmur, həftələrlə davam edən hazırlıqları, çərşənbələri ilə insanları bir-birinə yaxınlaşdırır. Ailələri, dostları, bütövlükdə xalqları bir araya gətirən bayramdır.
Novruzun tarix boyu qorunub saxlanması ilə bağlı fikirlərini bölüşən R.Həsənov qeyd edib: “Azərbaycan xalqı Novruz ənənələrini həmişə qoruyub saxlayıb. Sovet hakimiyyəti illərində bu bayram rəsmi olaraq qadağan olunsa da xalqımız öz dəyərlərinə sadiq qalaraq Novruzun ənənələrini yaşadıb. Əminəm ki, bundan sonra da Novruz bayramı xalqımızın birliyinin və mədəniyyətimizin ayrılmaz hissəsi olaraq qalacaq”. (AZƏRTAC)