İlk əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda laborant vəzifəsi ilə baslayan Ofelya xanım sonralar kiçik elmi işçi, böyük elmi işçi kimi fəaliyyətini davam etdirmişdir. Sonra aparıcı elmi işçi vəzifəsində çalışaraq fədakarıığı, həmişə işinə sevgisi, peşə fəaliyyətində üstünlükləri ilə fərqlənmişdir. Geologiya-mineralogiya elmləri namizədi olan Ofelya xanım Bağırbəyovanın Azərbaycanda yeganə “İzotop geologiyası və geoxronologiya” laboratoriyasının yaranmasında böyük əməyi olmuşdur. O, ilk dəfə olaraq Azərbaycanda maqmatik süxurların dəqiq radioxronoloji tədqiqatını aparmış, alumitlərin yaşının təyin edilməsi üsulunu işləyib hazırlamış, Böyük və Kiçik Qafqazın, Krımın və s. maqmatik süxurlarının maqnit sahəsi varyasiyası ilə mütləq yaşı arasında korrelyasiya əlaqəsini müəyyən etmisdir. Apardığı radioxronoloji və geoloji analizlərin həm nəzəri, həm də praktiki baxımdan mühüm əhəmiyyəti olmuşdur. O, üç monoqrafiyanın və 110-dan çox elmi məqalənin müəllifidir. Rusiya, Türkiyə, İran, Yunanıstan, Çin, Avstraliya və digər ölkələrdə keçirilən beynəlxalq elmi konfransların və simpoziumların iştirakçısı olmuşdur...
Bu günlərdə Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli bir neçə İcma üzvləri ilə İrəvan xanlarının nəslindən, Abbasqulu xan İrəvanskinin və Pənah xan Makinskinin nəticəsi, Əli xan və Tacı xanımın nəvəsi olan Ofelya xanımı 90 illik yubileyi münasibəti ilə evində ziyarət ediblər. Görüş ərəfəsində xoş anlar yaşanıb. Yubilyarı təbrik edən Əziz Ələkbərli Qərbi Azərbaycan İcmasının Fəxri Fərmanını Ofelya Bağırbəyova təqdim edib. Əziz Ələkbərli xoş ovqat yaradan görüş barədə deyib ki, gəlişimizdən son dərəcə sevinən Ofelya xanım sanki çoxdan gəlişimizi gözləyirdi: "Əsli və nəsli haqqında danışmaqdan yorulmur, ailə albomunda saxladığı XIX əsrin sonuna – XX əsrin əvvəllərinə aid şəkilləri bir-bir bizə göstərir, məlumat verirdi. Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri Məlahət xanım İbrahimqızı, QAİ Qəyyumlar Şurasının sədri Mürvət Həsənli və mən Onu heyranlıqla dinləyirdik".
Ə.Ələkbərli daha sonra əlavə edib ki, Ofelya xanım bir xeyli söhbətdən sonra həyəcanla bir qrafin gətirdi: “Bu, xan babalarımdan qalan yeganə yadigardır, 300 yaşı var, bunun ikinci tayına Ermitajda Birinci Pyotrun masası üzərində rast gəlmişəm”, - dedi. "Qrafini heyranlıqla gözdən keçirdik, üstündəki naxışların İrəvan Xan Sarayının divarlarındakı naxışlarla oxşarlığı, az qala eyniliyi dərhal diqqətimizi cəlb etdi. Ofelya xanım dedi ki, bircə arzum var: "Bu, qrafini cənab Prezident İlham Əliyevə təqdim edim. O, İrəvan xanlarının yeganə yadigarına sahib olmağı haqq edən yeganə Şəxsiyyətdir. O, millətimizə tariximizdə analoqu olmayan Zəfər yaşadıb. Üstəlik, onun babası Əziz Əliyevin babası Kərbəlayi Qurbanəli ilə Abbasqulu xan İrəvanskinin qohumluq əlaqələri olub”, - dedi.
Ə.Ələkbərli daha sonra qeyd edib ki, Ofelya xanım Bağırbəyova ilə sağollaşanda söz verdik ki, tezliklə yenə görüşəcəyik, çünki hiss etdik ki, onun sinəsində tariximizə dair hələ çox sirlər yatır...
Tahirə AĞAMİRZƏ