28.06.2025, 15:33
AZ EN
18.07.2024, 21:39 241

“ANAMA”nın icraçı prodüseri: Çəkilişlərdə ən təsirli məqam vaxtilə yurd-yuvalarından didərgin düşən minaaxtaranlarla bağlı oldu

XƏBƏRLƏR
  • “ANAMA” sənədli filmi iki il əvvəl çəkilib. Əsasən minaların çox olduğu ərazilərdə - Füzulidə, Ağdamda çəkilişlər apardıq. Mənə ən təsir edən məqam vaxtilə yurd-yuvalarından didərgin düşən minaaxtaranlarla bağlı oldu. Onlar sanki “Böyük Qayıdış”ı tezləşdirmək üçün var qüvvələri ilə çalışırdılar.

Bunu “ANAMA” tammetrajlı sənədli filminin icraçı prodüseri Tofiq Musayev deyib.

Filmin çəkilişləri zamanı yaddaqalan hadisələrdən danışan T.Musayev bildirib: “Horadizdə bir anbar var idi, hansı ki, mina axtarışları zamanı tapılan mina və partlayıcı sursatlar oraya yerləşdirilirdi. Həmin anbarda Ermənistanın istehsal etdiyi minaları gördüm. Hələ də yadıma düşəndə əhvalım korlanır. Rusiya istehsalı olan minalar partlayanda 40 kiçik qəlpə yayılırdısa, Ermənistan istehsalı olan minalardan 100-dən çox müxtəlif həcmdə qəlpə yayılır. Bunu öyrənəndə müharibə dövründə və ondan sonra baş verənlər gözümün qarşısından keçdi.

Bir də çox çətin şəraitdə aparılan mina axtarışları var.

Filmin baş qəhrəmanı Vətən müharibəsi qazisi Bəkir Əsgərzadədir. O, müharibə dövründə bir ayağını itirdiyindən minaya düşərək ağır xəsarət alan mülki vətəndaşı canlandırıb.

Film vasitəsilə vətəndaşlara minaların çox təhlükəli olduğunu, çağırışlara, xəbərdarlıqlara əməl etməyin vacibliyini çatdırmağa, ən əsası isə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) işçilərinin əziyyətini göstərməyə çalışdıq.

Film ingilis və rus dillərində subtitrlərlə tərcümə olunub. Ərəb dilində də tərcümə ediləcək. Bununla mina probleminin ölkəmizə yaratdığı fəsadları bütün dünyaya çatdırmaq istəyirik”. (AZƏRTAC)

Oxşar xəbərlər