28.06.2025, 08:55
AZ EN
17.05.2024, 10:16 319

Bu gün Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

XƏBƏRLƏR
  • Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2006-cı il 26 mart tarixli qətnaməsinə əsasən, hər il mayın 17-si “Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü” kimi qeyd olunur.

İnformasiya cəmiyyəti anlayışı ictimai həyatın bütün sahələrində, cəmiyyətin və şəxsiyyətin həyat fəaliyyətində informasiyanın rolunun durmadan artırılmasını nəzərdə tutur. Bu gününün əsas məqsədi internetdən və informasiya-kommunikasiya texnologiyalarından istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar və “rəqəmsal fərqliliyin” aradan qaldırılması barədə məlumat səviyyəsinin artırılmasına kömək göstərməkdən ibarətdir.

Ölkəmizdə bu sahənin inkişaf etdirilməsi  istiqamətində davamlı tədbirlər həyata keçirilir. Dövlətimiz  tərəfindən müasir texnologiyaların tətbiqinin təkmilləşdirilməsi, daha informativ cəmiyyətin qurulması üçün daima islahatlar aparılır.

İKT dən geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir. Məhz bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcud olan problemlərin həll olunması üçün əsas vasitələrdəndir. Bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb. Ümumiyyətlə, bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir. 

Bu gün Azərbaycan Respublikasında informasiya texnologiyaları sahəsindəki fəaliyyət ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirilir. Onun 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd olmuşdur.

 Bu istiqamətdə qanunvericilik bazasının formalaşdırılması üçün   “Poçt rabitəsi haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Telekommunikasiya haqqında”, “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlar qəbul olunmuş, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (“Elektron Azərbaycan”) təsdiq edilmiş, gənclərin müasir informasiya kommunikasiya texnologiyaları üzrə   artırılması üçün ölkəmizdə bütün şərait yaradılmış, bütün tədris müəssisələrində zəruri infrastruktur qurulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının  inkişaf potensialının artırılması, iqtisadiyyatın rəqəmsallaşdırılması üçün İKT infrastrukturunun təkmilləşdirilməsi, İKT xidmətlərinə olan tələbin daxili mənbələr hesabına effektiv qarşılanması və dövlət sektorunun fəaliyyətində İKT-nin tətbiqi ilə səmərəliliyin daha da artırılmasına öz töhfəsini verəcəkdir. Qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan telekommunikasiyanın inkişafının dəstəklənməsi, innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması, yüksək texnologiyalara əsaslanan yeni investisiya layihələrinin cəlb edilməsi və bu sahədə fəaliyyət göstərən subyektlər arasında effektiv koordinasiyanın qurulması kimi prioritet istiqamətlər əsas hədəflərdəndir.   

  Ölkəmizdə bu sektorun  inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bunun nəticəsidir ki, 44 günlük Vətən Müharibəsində ölkəmiz informasiya müharibəsində də qalib kimi çıxış etmiş və hazırkı  imkanlarla  telekommunikasiya və informasiya texnologiyaları infrastrukturunu gücləndirmək, bu sahədə göstərilən xidmətləri genişləndirmək və bütün tərəfləri bu xidmətlərdən istifadəyə təşviq etməkdən ibarətdir.

Müasir dünyada İKT-nin dinamik inkişafı, informasiya texnologiyalarının bəxş etdiyi yeniliklərin və informasiya bolluğu təhlükələrin mövcudluğuna şərait yaradaraq kibercinayətkarlara geniş meydan açır. Bu sahədə mövcud olan və yeni yaranan risklərin təhlilinin aparılması istiqamətində Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” xüsusi əhəmiyyətə malikdir.

XXI əsrdə Azərbaycanda informasiya cəmiyyətinə keçid və onun qurulması, elektron hökumətin formalaşdırılması və intellektual potensialın inkişafı sayəsində neft sektorundan sonra prioritet sahə hesab olunan informasiya və kommunikasiya texnologiyaları sahəsi ölkənin sosial-iqtisadi həyatına son illər daha ciddi nüfuz etmiş, müasir rabitə və informasiya texnologiyaları ölkəmizin  hərtərəfli inkişafı üçün yeni imkanlar açmışdır.  

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər