Azərbaycan kəndləri anklava necə çevrildi?
Ruslar erməniləri Dağlıq Qazaxda necə yerləşdirməyə başladılar?
Bağanis Ayrımda 5 nəfərlik azərbaycanlı ailənin diri-diri yandırılması ilə başlayan və Dağlıq Qazaxın işğalı ilə nəticələnən hadisələr...
Ailəsi ermənilər tərəfindən diri-diri yandırılması ilə başlayan və Dağlıq Qazaxın işğalı ilə nəticələnən hadisələr...
Xasayev Zərbəli danışır ki, 7 aylıq uşağı asfalta vurub başını təpiklə əzmişdilər. Qızın birinin də qarnını yarıb daş doldurmuşdular, asfaltın üstündə...
Torpaqlarımızda bu vəhşilikləri törədən ermənilər Azərbaycan ərazisində necə yerləşdiriliblər?
1828-ci ildə Rusiya imperiyası və İran arasında imzalanan və Azərbaycanı iki yerə parçalayan “Türkmənçay” müqaviləsində İran üzərinə öhdəlik götürür ki, ermənilərin Rusiya sərhədlərində yerləşdirilməsinə mane olmayacaq. Rus çarı Nikolayın “sağ əli” Paskeviçin təşəbbüsü ilə erməniləri torpaqla təmin etmək üçün İrəvan və Yelizavetpol quberniyasına 300 min qızıl pul ayrılır. Azərbaycanın bütün quberniyalarında ermənilərin yerləşdirilməsinə başlanılır. Ermənilər də qısa zamanda onlara heç bir aidiyyatı olmayan ərazilərə və tikililərə qarşı iddialara başlayırlar. Əsas şüarı “Böyük Ermənistan” olan erməni daşnak partiyasının tərtib etdikləri mifik xəritələrdə Qazaxın dağlıq hissəsi, bəzən isə bütün Cənubi Qafqaz erməni torpaqları kimi göstərilirdi.
1914-cü ildə ermənilər Türkiyə ərazisində qırğınlar törədərək əraziləri müsəlman türklərindən təmizləməyə başladılar.
1915-ci ildə rus qoşunları Türkiyə ərazisindən çıxmağa məcbur qalanda 300 min erməni rus ordusu ilə birgə Cənubi Qafqaza keçir. 1919-cu ildə Paris sülh konfransından sonra Bakının hərbi qubernatoru ingilis Uilyam Tomson bəyan edir ki, Böyük Britaniya Zəngəzuru və Dağlıq Qarabağı Azərbaycan Demokratik Respublikasının ərazisi hesab edir. Ermənilər Azərbaycandakı Milli Şuraya təklif edirlər ki, İrəvan ermənilərə verilsə, onlar Dağlıq Qarabağ üçün vuruşmayacaqlar. Beləliklə də, Ermənistan hökumət başçıları İrəvana köçürlər. Bundan sonra ermənilər Dağlıq Qazaxa qarşı ərazi iddialarına başlayırlar.
1921-ci ildə erməni Nijde Qaraginin dəstəsi Zəngəzurda Türk-müsəlman əhaliyə qarşı soyqırımı törədir. Məqsəd isə türkləri qorxudaraq ərazidən qovmaq idi. Sovet hakimiyyəti Türkiyə və Azərbaycanın ərazi əlaqələrini kəsmək üçün Zəngəzuru iki yerə ayıraraq 3105 kv. verstini Azərbayacana, 3637 kv. verstini isə ermənilərə verir. Həmin vaxt Qazaxın sərhədi təqribi müəyyən edilir. Ermənilər sonradan bu sərhədləri sürüşdürməyə başlayırlar. Nəticədə Qazaxın Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndləri anklav şəklinə düşür.
1945-ci ildə erməni katolikosu IV Gevok və Stalinin görüşündən sonra qəbul edilən iki rəsmi sənəd əsasında azərbaycanlılar Ermənistan SSR-dən Kür-Araz ovalığına köçürülür. Xaricdə yaşayan ermənilər boşalan evlərdə yürləşdirilməli idi...
1980-ci illərin sonunda ermənilər Qazaxın Kəmərli kəndinə iddia qaldırırlar. Bu isə Azərbaycanda etirazların başlanmasına təkan verir. Bundan sonra Qazaxda yerli əhalidən ov tüfəngləri yığışdırılır.
1990-cı ilin martın 24-də ilk işğal olunan ərazi Bağanis Ayrım kəndi olur. Bütün kənd talan edilir, əhali qırğınlara məruz qalaraq yandırılır. Ermənilərin törətdiyi vəhşiliklərin ən bariz nümunəsi Xocalıda azərbaycanlıların soyqırımı oldu. Beləliklə də, sovet hakimiyyəti tərəfindən Dağlıq Qazaxın ermənilərə verilməsi Azərbaycan torpaqlarının daha 20 faizinin işğalına yol açdı...
Qeyd edək ki, “Belə-belə işlər”in youtube kanalında paylaşdığı bu video Elmar Məlikovun “Başlanğıc nöqtəsi-Dağlıq Qazax” filmi əsasında hazırlanıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ