28.06.2025, 16:49
AZ EN
13.07.2022, 11:00 690

Torpağa dönürəm, vətənləşirəm

XƏBƏRLƏR
  • İyulun 13-də Füzuli rayonunun Əhmədalılar kəndində anadan olan şairə Şəfəq Sahibli məcburi köçkün kimi Bakı şəhərində məskunlaşıb. Bu illər ərzində Vətənə olan sevgisini, həsrətini sözlə ovudub, sözlə cilalayıb. İstedadlı şairə “Könlüm sonsuz səhradır”, “Biçilmiş çiçəklər”, “Həsrətin evimin qonağı olur”, “Tənha kuğu”, “Alovuna üşüyən şam”, “Üşüyürəm sözə sarı”, “Düşmən əlimi, dost ürəyimi sıxır”, “Bir gün”, “Bu sevgiyə ölüm gəldi”, “Səkkizinci səhifə” kitablarının müəllifi,  AYB-nin və Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü,  AYB-də qadın problemləri üzrə komissiyanın sədridir. Rəsul Rza mükafatına layiq görülüb.  2016-2017-ci illərdə ilin ən yaxşı şairə adına layiq görülüb.

İnsan öz sevgisi  ilə özünü kəşf edir, məhz bu sevgi işığı onu arzularının ümmanına çatdrır, insanlara tanıdır. Hər kəlməsi sevgidən yoğrulan Şəfəq Sahiblinin insanlara, insanlığa, Vətənə, torpağa olan sevgisi sərhədsizdir. OnunVətənə həsr etdiyi şeirlərindən bir neçəsini təqdim edir və ona yeni-yeni uğurlar diləyirik.

SALAM ƏZİZ ŞUŞA, BİZ QAYITMIŞIQ

Bu gün misra-misra oxşayır sözüm,

Qəlbimdə kövrələn xatirələri.

Deyirəm ömrümə yazmasın Allah,

Qarabağsız keçən qəmli illəri.

 

Otuz il həsrətdə qalan ömrünün,

Üstündən su içir İsa bulağı.

Bu gün gülümsəyir Cıdır düzündə,

Şəhadət ətirli yurdun bayrağı.

 

Bu dağılmış hasar, uçulmuş barı,

Əzablı illərin nişanəsidir.

Şuşada alışan Zəfər tonqalı,

Otuz il üşüyən yurdu isidir.

 

Daş kimi düşmənin başına endi,

Qalib sərkərdənin “dəmir yumruğu”.

Millətin ruhunu göyə qaldıran,

Ən şirin arzudur, ən şirin duyğu.

 

Ərənlər yurdunda dəyişmir fəsil,

Şuşada əbədi Ər mövsümüdür.

Baxın üz-gözünə torpağın-daşın,

Hər qarış bir şəhid təbəssümüdür.

 

Sevincdən kövrələn Cıdır düzündə,

Zəfər nəğməsiylə ocaq çatmışıq.

Qeyrət gülümsəyir yolların üstə,

Salam əziz Şuşa, biz qayıtmışıq!

 

ƏHMƏDALILAR

Eloğlu, bu yerdə ayaq saxla, qal,

Özünü-özündən burda xəbər al,

Əlçatmaz illərə boylanır xəyal,

Uşaqlıq ətrimdi, Əhmədalılar.

 

Adla Füzulidən bəriyə sarı,

Yolların gözündən sil intizarı,

Həsrət yarasnı əlinlə sarı,

Əziz xatirəmdi, Əhmədalılar.

 

Yaradan qorusun bu yaraşığı,

Xəyalım, quş kimi çöllərə şığı,

De qoyun otaran, a kənd uşağı,

Ocağım, pirimdi, Əhmədalılar.

 

Həsrət ocağında pörsələnib can,

Səssiz haray çəkib damarımda qan,

Özümdən xəbərsiz hər gecə, inan,

Yuxuma gəlibdi, Əhmədalılar.

 

KEÇMİŞ DÖYÜŞÇÜ

Burda gəncliyimi salıb itirdim,

Mərmilər şumlayan torpağın üstə.

Mən öz ürəyimin arzularını,

Sərmişəm üç rəngli bayrağın üstə.

 

O qızın gözləri hələ yol çəkir,

Ağarmış telindən xəbəri yoxdu.

Hər gecə səngərin səssizliyində,

Mənim duyğularım “Muğam” oxudu.

 

Gah qarın üstündə, gah yağış altda,

Onun xəyalıyla isinir ürək.

Hərdən bir qoxlayıb yuxularımda,

Xatirə-xatirə diksinir ürək.

 

Söykənib bəxtimin divarlarına,

Sönmüş bir ocağın közün eşirəm.

Səngərin çiyninə qoyub başımı,

Torpağa dönürəm, Vətənləşirəm.

Təqdim etdi:

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər