Qarabağ və Şərqi Zəngəzur regionlarının qədim erməni torpaqları olması barədə son 30 ildə Ermənistanın qeyri-qanuni iddiasının məqsədi işğal altında saxladığı Azərbaycanın 20 faiz torpaqlarına sahib olmaq istəyinə haqq qazandırmaq məqsədi güdürdü. Burada ermənilərin məqsədi Azərbaycanın müxtəlif əsrlərə aid olan daşınmaz tarix və mədəniyyət abidələrinin bir qismini dağıdaraq yox etmək, digər bir hissəsini isə mənimsəyərək xəyallarında yaratdıqları “Böyük Ermənistan” dövlətinin mədəni irs nümunələri kimi təqdim etmək idi. Bəs erməni dövləti olubmu? Bu suala elə erməni tarixçisi Gevorq Aslan 1914-cü ildə “Ermənistan və ermənilər” əsərində belə cavab verib: “Ermənilərin dövlətləri olmayıb. Onlarda vətən hissi, vətənə bağlılıq siyasəti yoxdur. Erməni təəssübkeşliyi yalnız yaşadıqları yerlərlə bağlıdır”. Erməni tarixçisinin məlumatından bu qənaətə gəlmək olar ki, əgər erməni dövləti olmayıbsa, o zaman nə mükəmməl erməni dili, nə də erməni əlifbası olub. Hazırda ermənilər istifadə etdikləri əraziləri, mədəniyyəti və əlifbanı digər xalqlardan və dövlətlərdən oğurlayaraq mənimsəyiblər.
Bu barədə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovun saxta erməni əlifbası ilə bağlı araşdırmasında qeyd olunub.
Bildirilib ki, ermənilərin “qürurla” təqdim etdikləri əlifba Afrika ölkəsi olan Efiopiyaya məxsusdur. Efiopiyadan olan alim və tədqiqatçı Tekola Haqosun “Efiopiya əlifbası, onun yaradılması və təkmilləşdirilməsi tarixi” adlı əsərində müəllif bir sıra erməni saxtakarlıqlarını elmi sübutlarla ifşa edib. Müəllif bu barədə düşüncələrini 2020-ci ilin noyabrında keçirdiyi mətbuat konfransında jurnalistlərlə bölüşüb. Araşdırmalar nəticəsində keçən əsrlərdə Efiopiya əlifbasının və mədəni irsinin ermənilər tərəfindən mənimsənilməsi faktı aşkarlanıb.
Efiopiya əlifbasının köklərini və bu əlifbaya yaxın olan əlifbaları araşdıran Tekola Haqos Ermənistanda erməni əlifbasının yaradıcısı kimi təqdim olunan Mesrop Maştotun, əslində, Efiopiyadan olan missioner olduğu və bu ölkədə casus kimi çalışdığı haqqında təkzibedilməz sübutlar üzə çıxarıb. Belə ki, V əsrdə Aksum krallığının təsiri xeyli artmışdı. Krallıq xristian dini dəyərlərini yaymaqla Efiopiyanın geosiyasi maraqlarını həll etməyə nail olub. Aksum kralı I Nezulunun tapşırığı ilə sarayda diplomat kimi işə qəbul edilən əslən erməni Mesrop Maştot kralın ona olan etimadından sui-istifadə edərək Efiopiya əlifbasını sadələşdirərək, dünyada pərakəndə və köçəri həyat sürən erməni tayfaları arasında yaymağa nail olub. Mesrop Maştot erməni olması barədə Efiopiyada heç vaxt heç kimlə məlumat paylaşmayıb. Professor Haqos bu barədə deyir: “Bizim dövlətimiz (Efiopiya) ermənilərə təkcə əlifba vermədi, biz erməni milli kimliyinin qorunub saxlanmasında da mühüm rol oynadıq. Biz müasir dövrdə erməni ədəbiyyatının və yazısının, milli məktəbinin və pedaqoji fikrinin banisinə çevrildik. Bunu Avropa mühitində sensasiya kimi qəbul edənlər bilməlidirlər ki, bu məsələ Efiopiyanın elmi dairələrində kifayət qədər çoxdan məlum olan faktlardır”.
Məlum həqiqətə erməni tarixçilərini inandırmağa çalışan professor erməni alimləri tərəfindən ələ salınaraq irqçi çıxışlarla təhqir olundu. Ermənilər professoru və bütün Afrika xalqlarını meymunlara bənzədir və rişxənd edirdilər. Professor ermənilərə başa salmağa çalışırdı ki: “efiopiyalılar Qafqaz irqinin xüsusi cənub qoludur, təbii ki, mənim xalqımın tarixində aborigen zənci tayfaları ilə nikahlar olub. Amma bunu qınamaq xüsusən də savadlı bir alim qrupu üçün yolverilməzdir”. Amma bacarmadı.
Bu cür sərt tənqidlərə cavab olaraq ermənilər arasında məsuliyyətli alimlərin tapılmasına ümid edən Tekola Haqos 2016-cı ildə bütün erməni tarixçilərinə açıq müraciət etsə də, bundan da heç bir nəticə əldə edə bilmədi.
Bundan sonra Tekola Haqos Ermənistanın elmi ictimaiyyətinə müraciət ünvanlasa da, bu müraciət erməni mətbuatında dərc olunmadı. İnadından əl çəkməyən professor müraciətini Ermənistanda geniş yayımlanan “Literary Georgia” qəzetində çap etdirdi.
Efiopiyalı professorun bu xoşməramlı münasibətinə cavab olaraq ermənilər tərəfindən ona çoxsaylı təhdidlər gəlməyə başladı. Erməni diasporu, “WoS və Scopus”un məlumat bazalarında professorun nəşrlərinə mane olmağa başlayır və hətta Efiopiya mətbuatında professoru bir alimin şəxsiyyətini ləkələyən bir neçə sifarişli yazılar da çap etdirirlər. Ermənistandan feysbukda professorun profilini tapanlar, onu dostluqlarına dost kimi əlavə edənlər, onunla ünsiyyət qurmağa və “dost olmağa” cəhd göstərənlər də var idi. Lakin bu qisim adamlar professordan bundan sonra əlifba araşdırmalarını dayandırmağı xahiş etdilər. Ermənilər onu bir xristian olaraq tarixi saxtakarlığa göz yummağa çağırırdılar.
Professorun bu məsələnin sonunda gəldiyi qənaət belə oldu: “Lakin mən “kiçik” görünən yalanlara göz yuma bilmirdim. Amma erməni tədqiqatçılarının tarixi manipulyasiya problemi mənimsənilən əlifbadan qat-qat genişdir. Erməni yalanları böyük bir bina kimi görünür, onu yalan adlandırmaq olar, bu yalanın əsası, Ermənistan dövlətinin “böyüklüyünün və qədimliyinin” illüziyası Mesrop Maştotun mənşəyi kimi yalandır. Bu hekayədən sonra mən getdikcə daha ətraflı araşdırmalar aparmağa başladım. Nəticədə yeni kitabım çıxdı. Mən orada ermənilərin bütün yalanlarını ifşa etdim, erməni tarixçilərinin Efiopiya xalqının elmi və mədəni irsini oğurlamaq cəhdindən bütün dünyanın xəbər tutmasını istədim”. (AZƏRTAC)