Cavid Həsənov 6 mart 1993-cü ildə Bakı şəhərində dünyaya göz açmışdı. O, hələ uşaq yaşlarından elmi biliklərə olan həvəsi ilə yaşıdlarından fərqlənirdi.
İlk təhsilinə Nizami rayonundakı V. Sadıqov adına 214 nömrəli tam orta məktəbdə başlamış, daha sonra Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə (FRİTL) təhsilini davam etdirmişdir. 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olaraq mühəndislik ixtisasına yiyələnmişdir. 2014-2015-ci illərdə Gəncə şəhərindəki "N" saylı hərbi hissədə şərəflə xidmət edərək borcunu yerinə yetirmişdi.
Cavid Həsənov təkcə döyüş meydanında deyil, mühəndislik sahəsində də öz sözünü demişdi. İngilis və rus dillərini sərbəst bilməsi ona beynəlxalq şirkətlərdə qapı açmışdı. 2016-2018-cı illərdə Socar AQŞ LLC-də köməkçi işçi vəzifəsində, 2018-2019-cu illərdə “EasyDrill” LLC-də qazma mühəndisi vəzifəsində, 2019-2020-ci illərdə isə dünyanın nəhəng neft xidməti şirkətlərindən biri olan National Oilwell Varco LLC-də qazma həlləri üçün mühəndis vəzifəsində çalışmışdır.
Cavidin vətənpərvərliyi təsadüfi deyildi. Atası Mikayıl Həsənov Birinci Qarabağ müharibəsi iştirakçılarından olub və döyüş zamanı aldığı yaralardan 2-ci qrup əlildir.
Cavid Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 20-də Xocavənd döyüşləri zamanı şəhid olub, II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Cavid Həsənov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Cavid Həsənov öz işində peşəkar olduğu qədər, mənəvi dəyərlərinə də sadiq bir şəxsiyyət kimi yaddaşlarda qalacaqdır.
Sevda SÜLEYMANOVA