20.08.2025, 03:14
AZ EN
11.08.2023, 15:53 442

Evlər tikiləndə kəndimizə köçəcəm

XƏBƏRLƏR
  • “Biz buranı tərk edəndə 12 yaşım vardı. Bax, bu dağılmış binada məktə­bimiz yerləşirdi. Musiqi müəllimim İradə xanım səsimin olduğunu biləndən sonra bütün bayram tədbirlərində məni oxudur­du... Keşikçi dağının başına qara bulud gələn kimi bilirdik ki, güclü yağış yağa­caq... Bizim evin ayağında olan bu ça­yın qabağını kəsib göl yaratmışdıq, yay vaxtı bütün günü çimirdik, bax, o daşın üstündən suya atılırdıq. Tərtəmiz, dum­duru, göz yaşı kimi bulaq suları çay olub bura axırdı. İndi də elədir, bir azca gur­luğu azalıb. Axşamlar rəhmətlik nənəm güclə çıxarırdı bizi sudan”.

Bu xatirələri xanəndə Ehtiram Hüseynov bu günlərdə “Xalq qəzeti”nə danışıb. Xanəndə bildirib ki, son günlər Laçına köçməsi ilə bağlı yayılan xəbərlər onun Hacısamlı kəndinə getməsi ilə bağlıdır. Belə ki, dogma kəndindən canlı yayıma qoşulan xanəndə neçə gündür ki, oradadır. Fonda öz ifasında “Bir yar sevdim” xalq mahnısını səslən­dirməklə yurdda olmağın sevincini bö­lüşməsi bəzi həmkarlarımızı xoş niyyətlə feyk xəbər yazmağa həvəsləndirib.

Xanəndə deyir ki, burada salamat bir tikili qalmasa da, təbiət öz yerindədir: “Çox istərdim ki, bütün dostlarım bura gəlsin, hamısını qarşılamağa hazıram. Bu gün qızıl balıq tuta bilməsək də, hələlik pendir-çörəklə keçinərik. Öz kəndimizdə konsert verə­cəyim günü səbirsizliklə gözləyirəm”. Xanəndə onu da deyir ki, buraya köçməyimi söyləyənlər bir az zamanı qabaqlayıblar. Hələ ki, kənddə heç bir tikili yoxdur. Evlər tikilsin, klub olsun, mütləq gələcəyəm bu­rada yaşamağa. Çalışdığım Beynəlxalq Muğam Mərkəzi ilə sıx əlaqəm olacaq. Bütün sənətçi dostlarımı burada, təbiətin qoynunda, açıq havada konsertə dəvət edəcəyəm. O günə çox qalmayıb… 

Qeyd edək ki, Ehtiram Hüseynov Laçının Hacısamlı kəndində 8 illik məktəbdə oxuyub. Ağdam Muğam Məktəbində isə sənətin sirlərini öyrənib. Laçın işğal olu­nandan sonra Bakının Binəqədi rayonu­nun Biləcəri qəsəbəsində təhsilini davam etdirib. Dövlət televiziyasının “Bənövşə” uşaq xorunda oxuyub. Asəf Zeynallı adı­na Musiqi Texnikumunu bitirib. 2007-ci ildə "Muğam" televiziya müsabiqəsində böyük uğurla iştirak edib. Növbəti ildə Azərbaycan Milli Konservatoriyasına daxil olub. Konservatoriyanın magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Bir çox xarici ölkələrdə qastrol səfərlərində olub. 2011-ci ildə Beynəlxalq muğam müsabiqəsində qalib gəlib. Ha­zırda Müslüm Maqomayev adına Azər­baycan Dövlət Filarmoniyasının solisti­dir, eyni zamanda Beynəlxalq Muğam Mərkəzində çalışır.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər