05.03.2026, 15:04
AZ EN
05.03.2026, 13:08 18

Rusiyadan Ermənistana vacib sual: məxfi məktub necə yayılıb...

XƏBƏRLƏR
  • Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın parlament seçkiləri ərəfəsində hibrid təhdidlərə qarşı operativ reaksiya qrupunun göndərilməsi üçün Avropa İttifaqına (Aİ) müraciəti Rusiyada İrəvan əleyhinə narazılıqları pik həddə çatdırıb.

“Vətən səsi” xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuata dünənki açıqlamasında İrəvanın Brüsselə müraciətini də şərh edib. O, bildirib ki, Ermənistana hibrid təhdidləri barə xəbərlərin əsas yayımçılarından biri Qərb dövlətləri və xüsusi xidmət orqanları ilə bağlılığı ilə tanınan “Azadlıq radiosu”nun İrəvandakı bölməsidir: “Ermənistan Xarici işlər nazirinin məktubunun onların əlinə necə keçdiyi anlaşılmazdır. Amma bəlkə də bu, elə ilk hibrid hücumdur. Ola bilsin, nəyisə sındırıb məktubu oğurlayıblar”.

Zaxarova məsələnin mahiyyətindən danışarkən deyib ki, Ermənistana sürətli reaksiya qrupunun göndərilməsi “Moldova ssenarisi”nin proyeksiyasıdır. Onun sözlərinə görə, hələ ötən il Avropa İttifaqı Moldova hakimiyyətinə “Rusiyanın dezinformasiyasına qarşı mübarizə”də yardım göstərib: “Rusiyada həmin qrupun demokratiyanın müdafiəsi adı altında sosial şəbəkələrdə müəyyən kontentləri blokladığını görüblər. Belə bir qrupun fəal şəkildə cəlb olunması Ermənistanın həqiqi suverenliyini möhkəmləndirməyəcək, əksinə çox mənfi nəticələr verəcək”.

Mariya Zaxarova Ermənistan Ədliyyə Nazirliyinin bu qrupun fəaliyyətinin Rusiyaya qarşı yönəlməyəcəyi barədə şərhini də qeydə aldıqlarını bildirib. Onun sözlərinə görə, Rusiya da Ermənistanın müraciəti olacağı təqdirdə ikitərəfli xətt üzrə oxşar funksiyalı qrup göndərməyə hazır olduğunu bəyan edib.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. 2025-ci ilin dekabrında Aİ-nin ali nümayəndəsi Kaya Kallas söyləmişdi ki, Brüssel bir sıra proqramların, o cümlədən minatəmizləmə işləri və hibrid hücumlarla mübarizə çərçivəsində dəstəyin həyata keçirilməsi üçün Ermənistana 15 milyon avro ayıracaq.

Elxan SALAHOV

 

Oxşar xəbərlər