Bu barədə Ermənistanın Baş nazirinin aparatının rəhbəri Araik Arutyunyan "Armenpress"ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqazın iki ölkəsi arasındakı çoxillik münaqişə həm Ermənistan, həm də Azərbaycan cəmiyyəti üçün hələ də son dərəcə həssas olaraq qalır.
Bununla belə, o vurğulayıb ki, ikitərəfli münasibətlərdə artıq mühüm irəliləyiş əldə olunub, xüsusilə də 2025-ci il avqustun 8-də keçirilən Vaşinqton sammitinin uğurlu nəticələrini qeyd edib.
A.Arutunyan hesab edir ki, iqtisadi marşrutların açılması tədricən həyata keçirilir, infrastruktur inkişaf edir və logistik zəncirlər sadələşir:
"Müxtəlif ölkələrin məhsulları artıq Azərbaycan ərazisindən keçməklə daha qısa marşrutlarla Ermənistana daxil olur. Mən həmçinin əminəm ki, tezliklə əks istiqamətdə də tədarüklər yoluna qoyulacaq. Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri həyata keçirilir, ölkə rəhbərlikləri fəal ünsiyyət saxlayır. Bu onu göstərir ki, biz uzun bir yol qət etmişik və nizamlanma çox sürətlə irəliləyir. Bu çox vacibdir və müstəsna haldır, çünki təxminən 40 illik tarixi olan münaqişələr adətən daha yavaş nizamlanır, lakin bunu bizimlə bağlı söyləyə bilmərik". (Report)