27.06.2025, 22:31
AZ EN
15.07.2023, 09:01 230

Könüllərdə taxt quran Qəhrəman, Şəhid XUDAYAR

XƏBƏRLƏR

Bir igid ki, bütün ellər tanıdı... Dillərə dastan, qəlblərə qürur oldu Xudayar!..

Ağlaya-ağlaya dünyaya gəldi, gülə-gülə ölümün üzərinə yeridi, Şəhidlik məqamına ucaldı, Xudayar!..

Qəhrəmanlığı ilə, Nəğməsi ilə el-el, oba-oba, kənd-kənd,şəhər-şəhər gəzdi dolandı, tanındı, sevildi, əbədi taxt qurdu könüllərdə,Xudayar!..

Əbədiyaşar Şəhidimiz, evimizin daimi qonağı, könlümüzün Sultanı oldu, Xudayar!...

Bu gün Vətən müharibəsi şəhidi, “Vətən yaxşıdır” mahnısı ilə dastana dönən Xudayar Yusifzadənin doğum günüdür.

1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olan Xudayar Yusifzadə oktyabrın 22-də Hadrut qəsəbəsi uğrunda ağır yaralanaraq şəhid olub.

Xudayar Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və “gizir” hərbi rütbəsi alıb.

Tovuz döyüşlərindən sonra könüllü olaraq Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.

Qəhrəmanımız 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Xudayar Yusifzadə Bərdə şəhərinin Şəhidlər Xiyabanında böyük ehtiram və izdihamla dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Xudayar Yusifzadə ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Allahdan Şəhidimizə rəhmət diləyirik.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər