28.06.2025, 19:39
AZ EN
26.06.2023, 09:36 310

Milli qürurumuza çevrilən şanlı və şanslı ordumuz

XƏBƏRLƏR
  • 26 iyun həyat və fəaliyyətini orduya bağlayan, ömrünün mühüm hissəsini müstəqil Azərbaycanın ərazi bütövlüyünün qorunmasına, sərhədlərimizin qorunmasına, xalqımızın təhlükəsi yaşamasına həsr edən çoxminli əsgər və zabit heyətinin peşə bayramıdır. Azərbaycan Silahlı Qüvvələri Günü indi təkcə əsgər və zabitlərin peşə bayramı deyil, həm də xalqımızın milli iftixar hissi ilə qeyd otdiyi tarixlərdən biridir.

Tarixə nəzər salaq: 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk qürurverici və tarixi qərarlarından biri Milli Ordunun yaradılması ilə əlaqədar olub. Həmin il iyunun 26-da Nazirlər Şurası Müsəlman korpusunun əsasında ilk ordu hissəsinin, 5000 nəfər şəxsi heyəti olan “Əlahiddə Azərbaycan korpusu”nin yaradılması haqqında qərar qəbul edib. İyulun 11-də isə hökumətin fərmanı ilə hərbi səfərbərlik elan edilərək Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları hərbi qulluğa çağırılmışdı, avqustun 1-də Azərbaycanın ilk Hərbi Nazirliyi təsis edilmişdir. Təxminən 5 aydan sonra, dekabrın 25-də general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin olunmuşdur. Xalq Cümhuriyyəti devrildikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etmiş, Azərbaycan ordusunda xidmət edən 21 generaldan 15-ni Nargin adasında güllələmiş, ləğv edilmiş nazirliyin funksiyalarını Xalq Hərbi Komissarlığına vermişdir.

Azərbaycanda ordu quruculuğunun növbəti mərhələsi, peşəkar hərbi kadrların yetişməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə çoxsaylı təzyiqlərə baxmayaraq, silahlı qüvvələrin formalaşması, hərbi kadrların hazırlanması istiqamətində ciddi addımlar atılmışdı. 1971-ci ildə C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi fəaliyyətə başlaması, Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinin yaradılması məhz ulu öndərin səyi nəticəsində mümkün olmuşdu. Azərbaycanlıların hərb elminə yiyələnməsində, müasir silahlarla rəftar etməyi bacaran hərbçi kadrların yetişməsində bu məktəblərin rolu danılmazdır.

Əsası Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulmuş ordu quruculuğu ənənələri dövlət müstəqillinin bərpasından sonra sürətli inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə oktyabrın 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilmişdir.

Azərbaycanda ordu quruculuğu sahəsində ciddi islahatlara ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra başlayıb. Ölkəmizdə mütəşəkkil nizami ordu quruculuğu, 1991-1993-cü illərdə təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlarımızı azad edə biləcək gücdə və potensialda sülahlı qüvvələr formalaşdırmaq bu islahatların əsas hədəfi idi. Ümummilli lider Heydər Əliyevin Silahlı Qüvvələr Gününun 9 oktyabrdan 26 iyun tarixinə keçirilməsi barədə Fərmanı da həmin dövrə təsadüf etmişdi – 22 may 1998-ci il.

Müasir Azərbaycanda silahlı qüvvələrin nizami orduya çevrilməsi, ordu quruculuğu sahəsindəki sürətli inkişaf məhz bundan sonra başladı. Bu gün Azərbaycanın yüksək hazırlıqlı, maddi-texniki bazaya malik silahlı qüvvələrinin mövcudluğu məhz ulu öndərin dövlətçiliyiyimizin möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz xidmətlərin nəticəsidir. Dahi şəxsiyyətin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən iqtisadi nailiyyətlər Azərbaycanın hərbi büdcəsinin ildən-ilə böyüməsinə, ordumuzun güclənməsinə və döyüş qabiliyyətinin artırılmasına, müasir texnoloji bilik və bacarıqlara malik peşəkar hərbçilərin yetişməsinə gətirib çıxardı. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan silahlı qüvvələri işgal altındakı torpaqlarımızın düşmən tapdağından azad etməyə qadir olan orduya çevrildi. Bu, 2020-ci il sentyabrın 20-də başlanan və 44 gün davam edən Zəfər müharibəsində özünü əyani şəkildə təsdiqlədi. “Ohanyan səddi”ni keçərək yağıları yurdumuzdan qovan, işğalçı Ermənistanı diz çökdürən, bu yaramaz və fitnəkar ölkənin rəhbərini kapitulyasiya aktına imza atmağa məcbur edən Ordumuz xalqımız üçün şərəf tarixi yazdı. İndi əziz Şuşa, Xan Arazın sahilləri, Laçın, Kəlbəcər, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azaddır, üçrəngli bayrağımız Göyçənin, Zəngəzurun dağlarında, tarixi ata-baba yurdlarımıza gedən yolların üzərində dalğalanır.

Həmişə Müzəffər olasan, 105 yaşlı ordumuz! Zəfər sənə çox yaraşır!

Yolun daim açıq olsun, Şanlı Ordu!

Elxan Salahov

Oxşar xəbərlər