Qarabağ müharibəsi başlayanda ilk yaradılan bataliyonlardan birinə, "Vətən oğulları" batalyonuna Allahverdi Bağırov rəhbərlik edib. Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünümüdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə savaşıb.
O, Xocalı soyqırımı zamanı həlak olanların nəşlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin düşmən meyitləri və əsirləri ilə dəyişdirilməsində böyük xidmət göstərib.
Milli Qəhrəmanımızın ən böyük hərbi uğuru 1992-ci il iyunun 12-də Aranzəmin kəndi, Naxçıvanlı kəndi döyüşlərində olub. O zaman Naxçıvanik kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilmiş, döyüşçülər Əsgəran qalasına qədər irəliləmiş, Pircamal kəndindəki bütün yüksəkliklər tutulmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurulmuşdu.
Allahverdi Bağırov bu döyüşdən Ağdama qayıdan zaman minaya düşərək şəhid olub.
Allah rəhmət eləsin!
Hazırladı: Mina RƏŞİD