27.06.2025, 20:47
AZ EN
26.05.2023, 16:57 262

Rzayevlər ailəsi Ağdamın Çullu kəndinə yenidən qayıdacaqlar

XƏBƏRLƏR
  • Onlar AZ.TV-nin çəkliş qrupu ilə doğma Ağdama yola düşdülər. Çullu kənd qəbristanlığında çox gəzdilər, dağıdılan neçə məzarın yanından keçdilər.

Bütün məcburi köçkünlər kimi Qəmər Rzayeva ilə altı övladının da ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, Ağdamın Çullu kəndinə qayıtmaları və 1991-c ildə dəfn etdikləri  Paşa Rzayevin qəbrini ziyarət etmək olub. Budur, həmin gün gəlib, ailə üzvləri həmin məzarın başındadır. Qəmər Rzayeva deyir ki, məzarı çətinliklə tapdıq, övladları gəlib ziyarət elədi. Allah-Taala Prezidentimizə  dəyməsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin və əlavə edir ki, kəndimizə gedəndə çox həyacanlandım. Gedərəm, taparam, tapmaram, bir xəstə oğlum var, o necə olar, düşüncəsi içərisindəydim...

Qazax Rzayev deyir ki. təsəvvür eləmirdim ki, düşmənlər kəndimizi bu cür dağıdar, məhv eləyə bilər, bunu düşünə bilmirdim. Mən ikinci dəfədir ki, bura gəlirəm. Birinci dəfə gəldim atamın qəbrini tapa bilmədim, çalışırdım ki, anamı, böyük qardaşımı gətirim qəbri tapaq. İndi qəbri tapdıq, sevincimin həddi-hüdudu yoxdur.

Rzayevlər ailəsinin gəlini də Çullu kəndindəndir. O da kiçik yaşlarından itirdiyi anasının məzarını tapıb ziyarət etdi. Solmaz Rzayeva bildirir ki, mən uşaq olanda anam 27 yaşında rəhmətə gedib. Uzun illər anamın rəsrətini çəkmişəm, kəndimizin həsrətini çəkmişəm və əlavə edir ki, bu gün biz sevincimizi şəhidlərimizə borcluyuq, şəhid analarından üzr istəyirəm ona görə ki,  biz bu sevinci onların göz yaşı üstündə yurmuşuq, şəhid analarının önündə baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

Ailə əzizlərinin məzarlarını çətinliklə də olsa  tapıb ziyarət etdikdən sonra  evlərinə gedib. Ev deyəndə ki, uçuq divarları qalıb, amma bu evlə bağlı ailənin şirin xatirələri yaşayır. Onlar ot basmış hətəyi gəzərkən həm sevinir, həm də evlərini viran gördüklərinə görə kədərlənirdilər. Qəmər ana deyir ki, yoldaşımla bu evin bünövrəsini qurduq, tikdik. Uşaqlar bu evdə dünyaya gəldi, böyütdük onları, başa gətirən vaxtı didərgin düşdük, heç bir şey də götürə bilmədik evimizdən. İndi gəlib ziyarət edəndə bu günə də şükür edirik.

Onlar həyətdə süfrə açdılar, ötən illərdə olduğu kimi, süfrə başında da otuz il əvvəli, bu evdə, bu həyətdə keçirdikləri xoşbəxt günləri, qayğısız anları yada saldılar. Xatırlanası o dəqər  şeylər vardı ki... Kərəm Rzayev isə 6 yaşına kimi burda yaşayıb. Axşamüstü Çullu kəndindən ayrılıb məcburi köçkün kimi məskunlaşdıqları Bərdə rayonuna qayıtdırlar, amma müvəqqəti. Çünki xarabalığa çevrilən kəndləri tezliklə bərpa ediləcək, uçub dağıdılmış evləri də yenidən tikiləcək. Rzayevlər ailəsi də doğma yurda yenidən həmişəlik dönəcəklər,  yaxın zamanda...

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər