Bulaq kompleksinin açılış mərasimində şəhid ailələri ilə yanaşı, döyüş yoldaşları, rayon icra hakimiyyətinin nümayəndələri, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Mərasimdə əvvəlcə şəhidlərin xatirəsi sükut dəqiqəsi ilə anılıb, Vaqif İsmayılzadənin və Emin Məmmədovun şərəfli həyat yolundan, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan söz açılıb, onların son damla qanına qədər vuruşaraq şəhidlik zirvəsinə ucaldıqları bildirilib.
Çıxış edənlər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən oğullarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını bildirib. Həmçinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vətən müharibəsində şəhid olmuş hərbçilərimizin xatirəsinin əbədiləşdirilməsi, onların ailə üzvlərinin dövlət qayğısı ilə əhatə olunması məsələsini daim diqqət mərkəzində saxladığı vurğulanıb.
Sonra “Şəhid bulağı” açılışı olub və kompleksin üzərinə gül-çiçək dəstələri düzülüb.
Tədbirdə məktəblilərin ifasında şəhidlərin xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya təqdim edilib. (AZƏRTAC)