15.04.2026, 22:45
AZ EN
15.04.2026, 18:15 107

Fuad Nağıyev: Türk dövlətlərinin Qarabağda turizmin inkişaf etdirilməsində rolu xüsusi əhəmiyyət daşıyır

XƏBƏRLƏR
  • Son illərdə Azərbaycan turizm sahəsində çox ciddi və müsbət inkişaf dinamikası nümayiş etdirir, turizmin inkişaf etdirilməsi üzrə geniş tədbirlər həyata keçirilir.

Bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Ankarada keçirilən VII Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresində çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu inkişafın yeni və strateji mərhələsi işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm dövriyyəsinə daxil edilməsidir:

"Regionda mədəni turizm, ekoturizm, sağlamlıq və termal turizm kimi sahələrin inkişafı üçün zəngin potensial mövcuddur. Azərbaycan Prezidentinin təsdiq etdiyi "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda turizm prioritet inkişaf istiqamətlərindən biri kimi çıxış edir. Qarabağda beynəlxalq hava limanlarının, dəmir yolunun istifadəyə verilməsi, müasir avtomobil yolları, tunellər və logistika xətlərinin yaradılması turizmin dayanıqlı inkişafı üçün əsas baza rolunu oynayır".

Agentlik sədri qeyd edib ki, paralel olaraq turizm infrastrukturunun inkişaf etdirilməsi üçün müxtəlif layihələr icra olunur:

"Cari dövr üçün Qarabağda 11 hotel, 31 alternativ yerləşmə vasitəsi fəaliyyətdədir. Hazırda yerli və xarici turistlərin bölgəyə səfərləri "Yolumuz Qarabağa" platforması vasitəsilə tənzimlənir ki, bu da təhlükəsizliklə yanaşı, turizm təcrübəsinin effektiv idarə olunmasına imkan yaradır".

F.Nağıyev əlavə edib ki, türk dövlətlərinin Qarabağda turizmin inkişaf etdirilməsində rolu xüsusi əhəmiyyət daşıyır:

"Bu mənada ilk olaraq "Türk dünyası turizm marşrutu" ortaq turizm marşrutlarının formalaşdırılması geniş imkanlar aça bilər. İnvestisiya və maliyyə əməkdaşlığı layihələri vasitəsilə Qarabağda yüksək keyfiyyətli turizm infrastrukturu formalaşdırıla bilər. Bu baxımdan Qarabağda əlverişli investisiya mühiti və uzunmüddətli inkişaf perspektivləri mövcuddur".

"Orta Dəhliz çərçivəsində nəqliyyat və bağlantı imkanlarının genişləndirilməsi, birgə tur paketlərin hazırlanması və hava əlaqələrinin inkişafı regionun əlçatanlığını əhəmiyyətli dərəcədə artırmaq imkanına malikdir. Eləcə də insan kapitalının inkişafı, turizm təhsili, xidmət standartları və destinasiya idarəçiliyi sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi xüsusi əhəmiyyət kəsb edir. Ortaq mədəni irs və dəyərlər əsasında formalaşan layihələr Qarabağı yalnız bir turizm məkanı deyil, eyni zamanda Türk dünyasının ortaq mədəni platformasına çevirə bilər. Nəticə etibarilə Qarabağ regionunun turizmə açılması yalnız milli deyil, həm də regional miqyasda yeni bir inkişaf modelidir. Bu model dayanıqlılıq, innovasiya və əməkdaşlıq prinsiplərinə əsaslanaraq gələcəkdə daha geniş coğrafiyada tətbiq oluna biləcək nümunə rolunu oynaya bilər", - Agentlik sədri vurğulayıb. (Report)

Oxşar xəbərlər