"Vətən səsi" xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, revanşist meylli Karapetyanın videomüraciət zamanı səsləndirdiyi bəzi fikirlər birmənalı qarşılanmayıb. Üzərində şərti həbs cəzası olsa da, "Güclü Ermənistan" partiyasına liderlik edən rusiyalı milyarder bildirib ki, seçkilərdə bütün siyasi qüvvələrin, o cümləıdən onun özünün iştirakına bərabər şərait yaradılmalıdır. Halbuki o, Rusiya vətəndaşıdır və Ermənistan qanunlarına görə, bu ölkənin bütün seçkili orqanlarında yalnız Ermənistan Respublikasının vətəndaşları iştirak edə bilər.
Samvel Karapetyan bildirib ki, seçkidə iştirak edəcəyi və qalib gələcəyi halda Ermənistanın Rusiya ilə pozulmuş münasibətlərini bərpa edəcək. O, açıq şəkildə deyib ki, Rusiyasız Ermənistanı nəinki ciddi təhlükələr gözləyir, hətta müstəqil dövlət kimi mövcudluğu sual altınadır: "Rusiyasız Ermənistanın inkişafı mümkün deyil. Biz hakimiyyətə gələcəyimiz təqdirdə ölkənin gələcəyini təhdid edən təhlükələrdən qorumaq üçün Rusiya istiqamətində daha aktiv siyasət yürüdəcəyik".
"Güclü Ermənistan" partiyasının rəhbəri həmçinin qeyd edib ki, ordunun gücləndirilməsi əsas prioritetlərdən biri olmalıdır. Onun sözlərinə görə, Ermənistanda peşəkar şəkildə yenidən qurulmuş ordu, güclü müdafiə sistemi və hava məkanının etibarlı şəkildə qorunması məhz Rusiya ilə hərbi əməkdaşlıq çərçivəsində təmin olunmalıdır.
Ermənistanı qorumaq üçün ölkəni siyasi cəhətdən Kremlə bağlamaq istədiyini gizlətməyən rusiyalı milyarder bildirib ki, onun siyasətində ideoloji yük hətta 1990-cı illərdəkindən də böyük olacaq. Karapetyan “Ağrıdağ”ı erməni xalqının milli simvolu və xüsusi önəmli dəyəri kimi təqdim edərək deyib ki, bu məsələlər Ermənistanda daim ön planda olmalıdır. Onun sözlərinə görə, bu yanaşma regionda uzun illərdir davam edən ərazi iddiaları kontekstində qiymətləndirilir.
Rusiyalı milyarder Erməni Apostol Kilsəsinin rolunu ön plana çəkərək bildirib ki, kilsəyə etimad erməni kimliyinin və dövlətçiliyinin əsas dayaqlarından biri olaraq davam etməlidir.
Elxan SALAHOV