Bu fikirləri açıqlamasında qazaxıstanlı siyasi şərhçi Askar Nurşa bildirib.
Əsas iştirakçılara gəlincə, ekspert hesab edir ki, bu münaqişədən hamı nəticə çıxaracaq. “Əsas istiqamət diversifikasiya olacaq. Aydındır ki, Körfəz ölkələri də bu strategiyanı izləyəcək. Artıq Körfəz regionundan enerji resurslarının Qırmızı və Aralıq dənizlərinə çatdırılması üzrə alternativ layihələr ətrafında fəallıq müşahidə olunur. Türkiyə ərazisindən keçə biləcək marşrutlar da nəzərdən keçirilir”, – deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, bu vəziyyətdə Azərbaycan və Qazaxıstan kimi ölkələr qısamüddətli perspektivdə üstün mövqedə olacaq. Bu ölkələr üçün yataqların işlənməsi və güclərin genişləndirilməsi məqsədilə xarici investisiyaların cəlb olunması baxımından ən münasib şərait yaranıb.
“Zərərçəkən tərəflər, ilk növbədə, Asiya dövlətləri olacaq. Çin üçün Rusiya və Mərkəzi Asiya ölkələrinin, xüsusən də Qazaxıstanın enerji resurslarının əhəmiyyəti artacaq”, – deyə analitik bildirib.
Ekspert hesab edir ki, uzunmüddətli perspektivdə Hörmüz boğazı ətrafındakı münaqişə dünya neft bazarına mənfi təsir göstərəcək. “Düşünürəm ki, bu fonda alternativ energetikaya investisiyalar artacaq. Avtomobil istehsalçıları karbohidrogen yanacağından digər mənbələrə keçidə daha çox maraq göstərəcək. Məsələn, elektromobil bazarının inkişafı sürətlənəcək. Dünya Hörmüz boğazı vasitəsilə həyata keçirilən tədarüklərdən ciddi asılı olduğunu anlayıb. Sabitləşmə prosesi davam etsə də, alternativlərin axtarışı xeyli sürətlənəcək”, – deyə A.Nurşa yekunlaşdırıb. (AZERTAC)