"Vətən səsi" xəbər verir ki, erməni jurnalistlər və blogerlər Azərbaycan neftinin bu ölkəyə ixracı sayəsində Ermənistanda bəzi enerji daşıyıcılarının qiymətinin aşağı düşəcəyindən yazırlar. Erməni jurnalist Arşaluys Mqdesyan bildirib ki, Azərbaycandan neft idxalı Ermənistanda yanacağın qiymətini ucuzlaşdıra bilər. Onun sözlərinə görə, Ermənistanın pərakəndə satış bazarında benzin və dizel yanacağı Azərbaycandakı bazar qiymətlərindən iki dəfə bahadır. O, dünyada yanacaqla bağlı müqayisəli məlumatları təqdim edən "GlobalPetrolPrices"ə istinad edərək bildirib ki, hazırda Ermənistanda hər litr benzinin orta qiyməti 1,36 dollar, dizel isə 1,31 dollar olduğu halda Azərbaycanda bu tariflər müvafiq olaraq 0,6 və 0,5 dollardır.
Mqdesyan hesab edir ki, Ermənistanda yanacağın qiymətləri, əsasən, bazarın oliqopoliyalaşması və baha başa gələn maddi-texniki çətinliklər səbəbindən həmişə qonşu ölkələrlə müqayisədə yüksək olur. Onun fikrincə, coğrafi yaxınlıq səbəbindən Azərbaycandan Ermənistana neftin daşınması ucuz başa gələcəyi üçün bu, daxili bazarda qiymətlərə də təsir göstərə bilər: "Hesablamalara görə, dəmir yolu ilə Azərbaycandan Gürcüstan vasitəsilə Ermənistana yanacağın daşınmasının ümumi dəyəri orta hesabla təxminən 0,05 ABŞ dolları qiymətləndirilir, amma mövsüm və tankerlərdən asılı olaraq real bazar qiyməti 0,03 dollardan 0,12 dollara qədər geniş diapazonda dəyişir. Tona çevrildikdə, bu, orta hesabla 65-70 dollardır və tam diapazon 40 dollardan 160 dollara qədərdir. Ancaq bir şey artıq aydındır. 2025-ci ilin noyabrında Rusiya və Qazaxıstan buğdasının Azərbaycan vasitəsilə uğurlu dəmir yolu tranziti yanacaq tədarükü məsələsini nəzəri müzakirələr müstəvisindən praktiki müstəviyə keçirib. Bu təcrübə Ermənistanı təchiz etmək üçün Azərbaycan infrastrukturundan istifadənin həm texniki, həm də siyasi məqsədəuyğunluğunu göstərdi".
Erməni jurnalist vurğulayıb ki, Azərbaycanla əlaqələrin bərpası Ermənistanda logistika xərclərini də azaldacaq. Bu isə Azərbaycanla 30 ildən artıq davam edən müharibə səbəbindən iqtisadi blokada vəziyyətinə düşən Ermənistanın region və dünya ölkələri ilə əlaqə imkanlarını artıracaq, alternativ təchizat variantlarına əlçatanlıq yaradacaq.
Xatırladaq ki, Azərbaycandan Ermənistana neft və neft məhsulları göndərilə biləcəyi barədə məlumatı dekabrın 6-da Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Qətərdə keçirilən tədbirdə deyib. O, qeyd edib ki, Azərbaycanın Ermənistana neft və neft məhsulları göndərməsi ilə bağlı danışıqlar iki tərəf arasında Qəbələdə müzakirə olunub. Ötən həftə Ermənistanın ilk yüksək vəzifəli şəxsi - Baş nazirinin müavini Mher Qriqoryan Azərbaycana, Qəbələyə gələrək orada danışıqlar aparıb.
Dünən isə Gürcüstan hökuməti də ilk dəfə üçün Azərbaycan yanacağının Ermənistana dəmir yolu ilə pulsuz daşınacağını bəyan edib. Artıq Gürcüstanın Baş nazir İrakli Kobaxidze belə bir qərar da imzalayıb. O da bildirilib ki, Gürcüstan hökuməti "tərəfdaş ölkələrdən" Azərbaycan yanacağının Gürcüstan vasitəsilə Ermənistana daşınması ilə bağlı müraciət alıb.
Elxan SALAHOV