Konfransda Bakı şəhərindən və regionlardan ümumilikdə 100 gənc iştirak edib.
Konfrans zamanı "Regional İnkişaf" İB-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı rəqəmsal mühitdə informasiyanın düzgün dəyərləndirilməsində gənclərin rolundan bəhs edib:
"Rəqəmsal mühitdə informasiyanın düzgün dəyərləndirilməsi və məsuliyyətli istifadəsi gənclər üçün mühüm bacarıqlardan biridir. Bu layihə regionlardan olan gənclərin media savadlılığı üzrə biliklərinin artırılmasına və onların informasiya mühitində daha məqsədyönlü mövqe tutmasına xidmət edir".
MEDİA-nın Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Mehriban Məmmədova qeyd edib ki, müasir informasiya mühitində etibarlı məlumat məkanının formalaşdırılması media savadlılığının gücləndirilməsindən keçir:
"Agentlik gənclərin tənqidi düşünmə və informasiyanı düzgün təhlil etmə bacarıqlarının inkişafını daim diqqət mərkəzində saxlayır".
Azərbaycan Gənclər Fondunun Proqram və layihələrin icra olunması şöbəsinin müdiri vəzifəsini icra edən Bənövşə Qasımova isə gənclərin informasiya proseslərində fəal iştirakının əhəmiyyətinə toxunub:
"Bu cür təşəbbüslər onların rəqəmsal bacarıqlarının inkişafına, eləcə də dezinformasiya ilə mübarizədə daha hazırlıqlı olmalarına mühüm töhfə verir".
Tədbir zamanı layihə çərçivəsində regionlarda təşkil olunmuş təlimlərdən görüntüləri əks etdirən videoçarx nümayiş etdirilib, regional təlimlərdə iştirak etmiş gəncin çıxışı dinlənilib.
İTV-nin aparıcısı Azər Süleymanlı isə media savadlılığı, informasiya etibarlılığı və jurnalistikanın müasir çağırışları mövzusunda çıxış edərək gənclərlə interaktiv müzakirələr aparıb, gənclərin iştirakı ilə "Etibarlı / Saxta" mövzusunda interaktiv oyun təşkil olunub.
Konfransın sonunda "Media savadlılığı nədir?" mövzusunda qrup işi və təqdimatlar həyata keçirilib. (Report)