Bunu açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri və Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib.
O bildirib ki, dövlətimizin başçısının verdiyi bu qiymət həm böyük qürur, həm də böyük məsuliyyət yaradır. Prezident İlham Əliyevin “İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq” fikri soydaşlarımızın qayıdışına olan yüksək inamın göstəricisidir.
Ə.Ələkbərli xatırladıb ki, qayıdışın bütün detallarını Prezident İlham Əliyev hələ 2022-ci il dekabrın 24-də İcmada etdiyi tarixi çıxışda açıqlamışdı. Daha sonra AMEA-nın yubileyində və bu son müraciətdə həmin mövqenin yenidən vurğulanması Qərbi Azərbaycana qayıdış məsələsinin Azərbaycan üçün həm ümummilli, həm də dövlət əhəmiyyətli məsələ olduğunu bir daha ortaya qoyur.
“Azərbaycan sülh və barışıq tərəfdarıdır, lakin bu sülh kağız üzərində yox, real həyatda olmalıdır. Ermənistanda revanşist və şovinist qüvvələr prosesə mane olur və Ermənistan cəmiyyətinin bu baxışlardan təmizlənməsi vacibdir. Azərbaycan xalqına qarşı cinayət törədənlərin cəzalandırılması isə həm beynəlxalq hüququn, həm də ədalətin tələbidir. Erməni xalqı düşmənçilik düşüncəsini formalaşdıran siyasi və ideoloji dairələrin, əslində, özlərinə də ziyan vurduğunu anlamalıdır", - deyə İcma sədri vurğulayıb.
Fəaliyyətin gələcək mərhələsindən danışan deputat bildirib ki, Qərbi Azərbaycan İcması ilk üç ildə əsas hədəflərinə nail olub: Qayıdış Konsepsiyası qəbul edilib, İcma təşkilatlanma mərhələsini tamamlayıb, qayıdış məsələsi ümummilli məna kəsb edən mövzuya çevrilib və beynəlxalq müstəviyə çıxarılıb.
“İndi isə yeni mərhələ başlayır. Bu mərhələdə həm görülən işlərin daha sistemli davamı, həm də qayıdışı təmin edəcək ölkədaxili hüquqi bazanın formalaşdırılması əsas vəzifə kimi qeyd olunur. Hazırda bu istiqamətdə xüsusi qanunvericilik yoxdur, buna görə də ya mövcud “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanun Konsepsiyaya uyğunlaşdırılmalı, ya da “Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında” yeni qanun qəbul edilməlidir”, - deyə Əziz Ələkbərli vurğulayıb.
O, həmçinin Ermənistan rəhbərliyi ilə ilkin danışıqların başlanmasını və soydaşlarımızın qayıdış hüququnun Ermənistan tərəfindən rəsmən tanınmasını növbəti hədəf kimi göstərərək deyib: “Bu məqsədə çatmaq mümkündür, çünki irəli sürülən bütün tələblər beynəlxalq hüquqa əsaslanır və həm azərbaycanlı qaçqınların, həm də Ermənistanın və erməni xalqının maraqlarına uyğundur”. (AZƏRTAC)