"Vətən səsi" xəbər verir ki, bunu keçmiş prezident özü bu gün İrəvanda jurnalistlərə açıqlamasında bildirib. O, media nümayəndələri vasitəsilə Paşinyana müraciət edərək onu Qarabağla əlaqədar sənədləri dərc etməyə çağırıb: “Ona yüz dəfə demişəm ki, bunları dərc elə”.
Jurnalistlərdən birinin “Əgər dərc eləsə, onunla debata gedəcəksinizmi” sualına Petrosyan belə cavab verib: “Bu açıqlansaydı, müzakirə bitərdi, çünki orada hər şey deyilir”.
Ermənistanın keçmiş prezidenti hakimiyyətdə olduğu dövrdə hazırkı Baş nazir Nikol Paşinyanın ona çox yaxın olması ilə bağlı iddiaları da rədd edib: “Bəziləri deyirlər ki, Paşinyan mənim mənəvi övladımdır. Mən belə bir söz deməmişəm”.
Jurnalistlər Paşinyanın 2008-ci ildə onun yanında olduğunu xatırlatdıqda Petrosyan deyib: “O vaxt çox insan mənim tərəfimdə dayanırdı, hamı çox yaxşı işləyirdi, o cümlədən Nikol”.
2018-ci ildə Paşinyanın hakimiyyətə gəlməsi ilə nəticələnən inqilaba dair sualı cavablandıran Levon Ter-Petrosyan vurğulayıb: “Qopan fırtınanı necə qiymətləndirməmək olar? Bu, elə bir fırtına idi ki, adam bacardı. Qarşısına qoyduğu məqsədə çatdı. Bunu qiymətləndirmək lazımdır”.
Erməni mətbuatı sabiq prezidentin açıqlamalarını indiki Baş nazirlə birgə çəkdirdiyi tarixi foto ilə birlikdə yayıb.
Xatırladaq ki, Nikol Paşinyan bundan öncə Levon Ter-Petrosyanla yanaşı, digər keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanı da Qarabağla bağlı açıq debata çağırıb. Ermənistan baş naziri sabiqlərin Qarabağı Azərbaycan ərazisi olaraq tanıdıqlarını və buna dair onda sübutların olduğunu bəyan edib. Paşinyan bununla bağlı sənədləri dərc etməyə hazır olduğunu da bildirib. Həmçinin baş nazir Sərkisyan, Köçəryan və Petrosyanı Qarabağda müharibəni qızışdırmaqda, Azərbaycan ərazilərinə hərbi müdaxilədə ittiham edib.
Elxan SALAHOV