07.08.2025, 02:09
AZ EN
16.07.2025, 16:30 215

Millət vəkili: "Azərbaycanın yaratdığı yeni reallıqlar Bakının üstünlüyünə çevrilib"

XƏBƏRLƏR
  • "Müzəffər Ali Baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə döyüş meydanında yaratdığı reallıqlar diplomatik cəbhədə də təsdiqlənməkdədir. İşğala son qoymaq, qanlı separatizmin kökünü kəsmək və münaqişəni tam şəkildə həll etmək kimi faktiki mümkün olmayan missiya Azərbaycanın siyasi liderinin məharətli hərbi və siyasi strategiyası nəticəsində reallaşdırıldı. Postmüharibə dövründə Azərbaycan regionda davamlı sülhün və əməkdaşlığın qurulması üçün ardıcıl diplomatik fəaliyyət aparır".

"Vətən səsi" xəbər verir ki, bunu Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev "Azərtac"a açıqlamasında bildirib. O, iyulun 10-da Əbu-Dabidə Ermənistanın Baş naziri Nikol Paşinyanla konstruktiv formatda keçən vasitəçisiz görüşü də bu kontekstdə dəyərləndirib: "Bu görüş vasitəçisiz dialoq formatının özünü doğruldaraq işlək mexanizmə çevrilməkdə olduğunu sübuta yetirdi. Əbu-Dabidə verilən vacib mesajlardan biri o idi ki, sülh sazişinin imzalanması və implementasiyası ilə regionda hər hansı aktorun geosiyasi maraqları təsbit olunmayacaq, hazırkı de-fakto sülh tərəf dövlətlərin və onların xalqlarının rifahına xidmət edən davamlı sülhə çevriləcək. Təbii ki, dövlətlərarası normallaşma gündəliyi çoxölçülü, çoxşaxəli və uzunmüddətli prosesdir. Əbu-Dabi görüşü göstərdi ki, tərəflər postmünaqişə dövründə həllini gözləyən, açıq qalan digər məsələləri də ikitərəfli formatda həll etmək qətiyyətində və iqtidarındadır".

Millət vəkili deyib ki, artıq beynəlxalq müstəvidə dövlətimizin mövqeyi ilə hesablaşırlar, Azərbaycanın yaratdığı yeni siyasi reallıqları qəbul edir, hətta yeni reallıqların şərtləndirdiyi əməkdaşlıqda rəsmi Bakının iştirakı üstünlüyə çevrilib: "Azərbaycan bu ilin oktyabrında Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə, 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatının 16-cı Sammitinə, 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünə ev sahibliyi edəcək. Əsas mesajı odur ki, dəyişən geosiyasi nizamda yer almaq üçün iqtisadi və siyasi səyləri əlaqələndirmək lazımdır. ECO-nun Baş katibinin sözləri ilə desək, “Prezident İlham Əliyevin uzaqgörənliyi sahəsində bir çox ilklərə imza atan” Azərbaycan həm ECO üçün yeni standartlar müəyyənləşdirdi, həm də təşkilat daxilində həmrəyliyi gücləndirdi”. Qarabağ Zəfəri Azərbaycana dost olan dövlətlərə, xüsusilə türk xalqlarına özünəinamın artması, siyasi kursda prinsipiallığı qorumaq kimi çətin məsələlərdə nümunə olub".

Rizvan Nəbiyev əlavə edib ki, yaxın illərdə Avrasiya siyasi məkanında kəskin dəyişikliklər dövrünün başlanacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, formalaşmaqda olan yeni dünya nizamına hazır olmaq üçün ölkəmiz lazımi siyasi-diplomatik, iqtisadi və humanitar alətlərdən, həmçinin layihələrdən ibarət strateji konsepsiyanı inkişaf etdirir: "Ölkəmiz coğrafi yerləşməsinin strateji üstünlüklərini dəyərləndirərək nəqliyyat və logistika, energetika sahələrində əhəmiyyətli layihələrlə çoxsaylı tərəfdaşlar qazanmaqdadır. Avropa Siyasi Birliyinin 12 dövlətinə qaz ixrac edən Azərbaycan həm də Orta Dəhliz çərçivəsində mühüm tranzit qovşağına çevrilir. Ölkəmizin coğrafi mövqeyi və yaratdığı infrastruktur Çin və Mərkəzi Asiyanın Türk dövlətlərinin Avropa İttifaqı bazarına çıxışını təmin edən körpünün vacib strateji həlqəsidir. Zəngəzur dəhlizinin açılması isə bu istiqamətdə yeni mərhələnin başlanğıcı olacaq".

Elxan SALAHOV

 

Oxşar xəbərlər