Bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva iyunun 30-da ATƏT Parlament Assambleyasının 32-ci illik sessiyası çərçivəsində Demokratiya, insan haqları və humanitar məsələlər üzrə Komitənin iclasında “Helsinki Yekun Aktının 50 illiyi: ATƏT-də yeni reallığa cavab” adlı məruzənin müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, ümumi zərərin məbləği 150 milyard ABŞ dollarını ötür. Son 30 ildə 3400-dən çox vətəndaşımız mina partlayışlarının qurbanı olub. Bu hadisələrin demək olar ki, 400-ü 2020-ci ildən sonra baş verib. Təəssüf ki, bu gün səhər Ağdamda baş verən son faciəli hadisədə daha bir mülki şəxs mina partlayışı nəticəsində ayağını itirib. Buna görə də biz Azərbaycanın humanitar minatəmizləmə, yenidənqurma və bərpa səylərinə daha güclü beynəlxalq həmrəylik və dəstək çağırışı edirik. Bu addımlar yalnız icmaların yenidən qurulması üçün deyil, eyni zamanda, bölgədə davamlı sülh və barışığın təmin olunması üçün həyati əhəmiyyət daşıyır.
“Biz vacib bir mərhələdə - sülhün astanasındayıq. Lakin sülh yalnız dürüstlük, qarşılıqlı hörmət və konstruktiv dialoqa sadiqlik əsasında əldə oluna bilər. Əsasız, reallıqdan uzaq ittihamlar bu prosesi yalnız zəiflədir. Faktların təhrif olunması və dezinformasiya ictimai rəyi çaşdırır və xalqlarımız arasında etimadın qurulmasını daha da çətinləşdirir. Biz işimizdə hamıya yaxşı məlum olan faktlara və reallığa əsaslanmalıyıq. Gəlin unutmayaq ki, bölgəmizdə davamlı sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması üçün gücümüz birgə səylər göstərməyə, açıq dialoq və qarşılıqlı anlaşmaya hazır olmağımızdadır. Məhz bu yanaşma bizi ümumi rifaha aparan yoldur”, - deyə Milli Məclisin deputatı qeyd edib. (AZƏRTAC)