28.06.2025, 15:32
AZ EN
02.06.2025, 14:52 219

ANKASAM sədri: Qarabağ Zəfəri enerji resursları və nəqliyyat dəhlizləri ətrafında formalaşan siyasətdə yeni mərhələnin başlanğıcını qoyub

XƏBƏRLƏR
  • Qarabağ müharibəsi yalnız hərbi Zəfərlə yekunlaşmayıb, eyni zamanda, bölgənin geosiyasi düzənində yeni bir mərhələnin başlanğıcı olub. Müharibədən sonra Azərbaycan və Türkiyə arasında daha da dərinləşən strateji əməkdaşlıq regionun siyasi arxitekturasında mühüm dəyişiklik yaradıb. Ənənəvi güc balansı və mövcud oyunçular dəyişməyə başlayıb, bölgə yeni quruluş dövrünə qədəm qoyub.

Bunu Ankara Hacı Bayram Veli Universitetinin müəllimi, Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzinin (ANKASAM) sədri Mehmet Seyfettin Erol Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən "Yeni geosiyasi reallıqların Türkiyə - Azərbaycan münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər" adlı dəyirmi masada deyib.

O qeyd edib ki, Ankara-Bakı xətti yeni dövrdə yalnız ikitərəfli münasibətləri deyil, daha geniş coğrafiyada formalaşan enerji, logistika və təhlükəsizlik layihələrinin əsas dayaq nöqtəsinə çevrilib. "Qarabağ Zəfəri enerji resursları və nəqliyyat dəhlizləri ətrafında formalaşan siyasətdə yeni bir mərhələnin başlanğıcını qoyub, bu sahədə güc balansının dəyişməsinə səbəb olub. Müharibənin fiziki nəticələri ilə yanaşı, psixoloji və ideoloji təsirləri də olduqca əhəmiyyətlidir. Bölgədəki bir çox qorxu və komplekslər aradan qalxıb, ictimai və siyasi şüurda özünəinam hissi artıb. Bu özünəinam həm Türkiyədə, həm də Azərbaycanda regiona və Türk dünyasına baxış bucağının yenilənməsi zərurətini doğurub. Türk dünyası artıq daha mərkəzi və strateji bir mövqeyə yüksəlib. Bu isə bölgədə balanslı, çoxtərəfli və qarşılıqlı maraqlara əsaslanan siyasət aparılmasını daha vacib və həssas bir məsələ halına gətirib. Bu proses həm böyük fürsətlər təqdim edir, həm də düzgün idarə olunmadığı təqdirdə, müəyyən risk və təhdidlər yarada bilər. Qarabağda əldə olunan Qələbə Türkiyənin Orta Asiya siyasətini sadəcə ifadədən çıxarıb, praktik və təsirli bir mərhələyə daşıyıb. Türk Dövlətləri Təşkilatının fəaliyyətinə yeni dinamizm qazandıraraq, regional inteqrasiyanın sürətlənməsinə zəmin yaradıb. Həmçinin Türk dünyasının strateji əhəmiyyətini artıraraq, beynəlxalq siyasətdə daha görünən və hesablanan bir aktora çevrilməsinə təkan verib". (AZƏRTAC)

Oxşar xəbərlər