Bu barədə Türkiyənin Burdur Mehmet Akif Ersoy Universitetinin müəllimi, xarici siyasət məsələləri üzrə şərhçi Esma Özdaşlı “Yeni geosiyasi reallıqların Türkiyə-Azərbaycan münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər" mövzusunda keçirilən dəyirmi masada danışıb.
O qeyd edib ki, Zəngəzur dəhlizinə bir sülh yolu kimi baxmaq lazımdır:
“Hətta birinci sinif şagirdinə xəritə versək, o da Zəngəzur dəhlizinin Azərbaycanın digər əraziləri ilə Naxçıvanı birləşdirilə biləcəyini deyər. Doğrudur, Azərbaycanın bu yola alternativləri var və bu alternativlər Ermənistanın işini daha da çətinləşdirər. Çünki Ermənistan təbii sərvəti olmayan bir ölkədir, ona görə də Zəngəzur dəhlizinin açılması ən çox ona fayda verər. Ancaq hər şeydən əvvəl Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer aldığı müddəalar aradan qaldırılmalıdır. Ümumiyyətlə, Ermənistanın hücum xarakterli davranışları qəbuledilməzdir”.
Azərbaycan-Türkiyə münasibətlərinə toxunan ekspert bildirib ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə məhz Türkiyə olub:
“Bizim münasibətlərimiz mənfəət yox, qardaşlıq, dostluq üzərində qurulub. Bu çərçivədə əksər sahələrdə əməkdaşlığımızı inkişaf etdirmişik. Bu gün Azərbaycan Ordusu Türkiyə modeli əsasında təşkil edilir, təhlükəsizlik sahəsində əlaqələr daha da möhkəmləndirilir.
Türkiyə və Azərbaycan bir-birini qarşılıqlı surətdə zənginləşdirir. Fikrimcə, bu gün iki ölkə arasında əlaqələrə ən çox təkan verən sahə enerjidir. Bu istiqamətdə Bakı-Tbilisi-Ceyhan, TANAP kimi çox sayda layihə mövcuddur. Azərbaycan təbii sərvətləri sayəsində regionun enerji təhlükəsizliyində aktiv rol oynayır”. (Report)