27.06.2025, 19:06
AZ EN
19.05.2025, 14:49 263

Qriqoryan İranda Zəngəzur dəhlizindən danışdı

XƏBƏRLƏR
  • İranda səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Zəngəzur dəhlizi ilə bağlı yeni açıqlama ilə çıxış edib. O, Ermənistanda "Zəngəzur dəhlizi" ifadəsinin işlənmədiyini, bunun sadəcə olaraq, nəqliyyat kommunikasiyaların açılması kimi təqdim olunmasını daha düzgün hesab edir. 

"Vətən səsi" xəbər verir ki, İrana səfəri çərçivəsində Tehran Dialoq Forumunda çıxış edən Qriqoryan“Zəngəzur dəhlizi” məsələsinin Ermənistanın gündəmində olmadığını deyib: "Ermənistan "Zəngəzur dəhlizi" ifadəsini işlətmir. Söhbət regionda sülh və sabitliyin möhkəmləndirilməsi vasitəsi kimi regional kommunikasiyaların blokdan çıxarılmasından gedir. Biz “Zəngəzur dəhlizi” adı altında heç bir layihəni müzakirə etmirik. Düzünü desəm, heç belə bir termin işlətmirik. Lakin regional kommunikasiyaların hansı mexanizmlə açılması, bölgəmizə sülh və sabitlik gətirmək, inkişafa töhfə verməkdən danışırıq. “Sülh yollarının kəsişməsi” konsepsiyası bu istiqamətdə iqtisadi infrastrukturun inkişafı proqramı kimi çıxış edir”.

Armen Qriqoryan vurğulayıb ki, Ermənistan hökuməti nəqliyyat kommunikasiyalarının mümkün qədər tez açılmasında maraqlıdır. O, çıxışında regional əməkdaşlığın vacibliyini dəfələrlə vurğulayan İran prezidentinin bəyanatlarına istinad edib.

Azərbaycanla sülh danışıqları prosesini şərh edən Qriqoryan qeyd edib ki, əvvəllər dialoq beynəlxalq oyunçuların vasitəçiliyi ilə aparılırdı. Lakin son vaxtlar bütün məsələlər üzrə müzakirələr ikitərəfli xarakter alıb və bu, qarşılıqlı fəaliyyət əsaslanır. O, əlavə edib ki, sülh sazişinin yekun mətni üzərində aparılan danışıqlar və tərəflərin xüsusi marağında olan müddəalar da məhz bu formatda razılaşdırılıb.

Ermənistan-İran münasibətləri mövzusuna qayıdan Qriqoryan vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq təcrübəsi ümumi mənafe üçün səmərəli qarşılıqlı fəaliyyət nümunəsi ola bilər.

Tehrana səfəri zamanı Qriqoryanı İran prezidenti Məsud Pezeşkian da qəbul edib. Görüşdə tərəflər ikitərəfli əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər və qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.

Elxan SALAHOV

Oxşar xəbərlər