Bildirilir ki, K.Kallas aprelin 25-də Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və digər yüksəksəviyyəli rəsmilərlə görüşüb. Görüşlər zamanı Azərbaycan ilə Aİ arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək tədbirlər, o cümlədən yüksəksəviyyəli səfərlər və qarşılıqlı faydalı təşəbbüslər barədə fikir mübadiləsi aparılıb, həmçinin Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi üzrə danışıqların mövcud reallıqlar nəzərə alınmaqla, davam etdirilməsinin önəmi vurğulanıb.
Qeyd olunub ki, aparılan müzakirələrdə enerji sahəsində əməkdaşlıq və Avropanın təbii qazla təchizatı məsələləri də xüsusi yer tutub. K.Kallas Bakıda keçirdiyi görüşlərdə Cənub Qaz Dəhlizini “təkcə enerji infrastrukturu deyil, tərəfdaşlığın rəmzi” adlandırıb. Müşahidəçilər hesab edirlər ki, bu bəyanatlar və ikitərəfli təmaslar Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun daha da güclənəcəyinə işarədir. (AZERTAC)