Pakistan həmişə olduğu kimi, münaqişə, müharibə dövründə və indi də Azərbaycanın yanındadır. Ölkəmiz qardaş Azərbaycanın haqq işini hər zaman dəstəkləyir.
Bunu Pakistan–Azərbaycan Məzunları Birliyinin qurucusu, strateji kommunikasiyalar üzrə pakistanlı ekspert Qayser Nəvvab söyləyib.
Pakistanlı ekspert bildirib ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq, eləcə də BMT-nin müharibə və münaqişələrlə bağlı qətnamələrinə zidd olaraq Azərbaycanın dinc vətəndaşlarını, o cümlədən qadınları və uşaqları, mülki infrastrukturları hədəfə aldılar. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Ermənistanın təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına keçdi. Öz tarixi torpaqları uğrunda mətanətlə vuruşan şanlı Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşməni geri oturtdu və Zəfər qazandı.
“Son dövrdə Ermənistan silahlı qüvvələri üçtərəfli Bəyanat çərçivəsində təsbit olunmuş öhdəliklərə zidd olaraq atəşkəsi pozur və mütəmadi olaraq sərhəddə təxribatlar törədir. Təbii ki, onların bu hərəkətləri yenilik deyil. Budəfəki təxribatlar, həmçinin Xocalı soyqırımı və digər bu kimi hərəkətlər açıq-aydın sübut edir ki, Ermənistan təcavüzkarlıq siyasəti həyata keçirir.
“Düşünürəm ki, beynəlxalq ictimaiyyət Ermənistanın təxribatçı hərəkətləri ilə bağlı öz mövqeyini bildirməli və onu qınamalıdır. Dost Azərbaycan xalqına sülh, inkişaf və firavanlıq arzulayıram”, - deyə Qayser Nəvvab qeyd edib. (AZƏRTAC)