"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentinin Avropaya inteqrasiya komissiyasının rəhbəri Arman Eqoyan Ermənistan-Avropa Birliyi Parlament Tərəfdaşlıq Komitəsinin həmsədri Nil Uşakovla keçirdiyi brifinqdə bildirib. O, qeyd edib ki, Avropaya inteqrasiya yolunu seçmiş Ermənistan qarşıdakı hədəflərə çatmaq üçün hüquq müstəvisində müvafiq addımlar atmağa, o cümlədən yerli qanunvericiliyi təkmilləşdirməyi və konstitusiyaya müəyyən dəyişikliklər etməyi planlaşdırır. Lakin onun iddiasına görə, Azərbaycan tərəfindən Ermənistan konstitusiyası ilə bağlı səsləndirdiyi fikirlər prosesi ləngidir.
Arman Eqoyan Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun Bakının Ermənistandan “normallaşma prosesində əsas maneəni aradan qaldıra biləcək” konstitusiya dəyişiklikləri gözlədiyinə dair fikirlərinə də toxunub. O, nazir müavininin Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından rəsmən imtina etməsi haqqında çağırışlarını belə şərh edib: “Bakı bu sözlərin Ermənistanda hansı reaksiyaya səbəb olacağını çox gözəl başa düşür və buna görə də islahatların qarşısını almaq üçün belə bəyanatlar verirlər”.
Erməni diplomat vurğulayıb ki, Azərbaycanla sülh müqaviləsi layihəsində nəzərdə tutulmuş 17 bəndindən 15-i artıq razılaşdırılıb. O, qeyd edib ki, razılaşdırılmamış digər iki maddə Ermənistan konstitusiya ilə bağlı deyil.
Elxan SALAHOV