"Vətən səsi" xəbər verir ki, Ermənistan spikerinin mətbuat katibi Movses Arutyunyan sosial şəbəkələrdə bununla bağlı həqiqətə uyğun olmayan məlumat yayıb. Əslində isə görüşün baş tutmayacağı xeyli əvvəldən bəlli olub. Belə ki, Parlamentlərarası İttifaqın rəhbərliyi görüş təşəbbüsü ilə çıxış edib və elə ilk andan Milli Məclisin sədri Sahibə Qafarova bu təklifə mənfi cavab verib.
Parlament sədrinin erməni həmkarı ilə görüşdən imtinasına səbəb Ermənistan hökumətinin və şəxsən Simonyanın həqiqətə uyğun olmayan açıqlarıdır. Belə ki, indiyədək Sahibə Qafarova ilə Alen Simonyan arasında iki görüş keçirilib. Hər iki görüş Cenevrədə Parlamentlərarası İttifaqın vasitəçiliyi ilə reallaşıb. Lakin bu ilin mayında keçirilən görüşdən sonra erməni spikerin ritorikasında Azərbaycana qarşı mənfiyə doğru dəyişikliklər müşahidə olunur. Bu səbəbdən də Sahibə Qafarova Alen Simonyanla görüşməyə, nəyisə müzakirə etməyə ehtiyac duymayıb.
Xatırladaq ki, bu cür görüşlərin məqsədi parlamentlərin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə verə biləcəyi töhfəni müzakirə etməkdir. Lakin Ermənistan parlamentinin sədrinin bəyanatları belə nəticəyə gəlməyə əsas verir ki, o və təmsil olunduğu hakimiyyət əslində sülh istəmir və yalnız imitasiya ilə məşğuldur.
Elxan SALAHOV