1988-ci illər... Azərbaycanlılar Ermənistandan, öz dədə-baba torpaqlarından departasiyaya məruz qaldığı illər... Ermənistanın revanşist siyasəti nəticəsində onlar məcburi şəkildə yurd-yuvalarından sürgün edildilər...
2023-cü ildə antiterror tədbirlərindən sonra ərazi bütövlüyünü təmin edən Azərbaycan Qarabağda yaşayan etnik ermənilərə “vətəndaşlığımızı qəbul edin və yaşayın”, - dedi. Lakin onlar könüllü şəkildə getməyi seçdilər. Bu faktlardır: heç bir uydurma olmadan, tərəfsiz və qərəzsiz...
Amma bu gün Ermənistanda revanşizm yenidən alovlanır. Sülhdən danışan rəsmi İrəvan isə susmaqla bu qüvvələrə dəstək verir. Öz millətinin gələcəyini belə düşünməyən qondarma rejimin keçmiş rəhbəri Samvel Şahramanyan yenidən xülyalar aləminə qərq olub, ermənilərin Qarabağa repatrasiyası hüququndan dəm vurur. Onlara dəstək çıxanlar isə nədənsə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq belə istəmirlər.
“Amma Qərbi Azərbaycan İcması Ermənistan vətəndaşlığını qəbul etmək şərtilə öz ata-baba yurdlarında yaşamağa hazırdır. Bununla belə Ermənistan rəhbərliyi bizi 1987-1991-ci illərə qədər vətəndaşı olduğumuz ölkənin vətəndaşlığına geri qaytarmaqdan imtina edir. Belə olan təqdirdə könüllü şəkildə gedən və Azərbaycanın vətəndaşlığını qəbul etməyən ermənilərin Azərbaycana qayıtması ideyasını onların hətta, müəyyən statusla qayıtması ideyasını İrəvan irəli sürə bilməz”.
Bu sözləri Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Az-TV-yə açıqlamasında deyib.
Təbii ki, Ermənistanın Qərbi Azərbaycanlıların haqlarına biganəliyi məhz məsələnin hüquq müstəvisində həllini labüdləşdirir.
İcma rəhbəri daha sonra əlavə edib ki, biz ilkin olaraq, yeni formalaşacaq Milli Məclisdə komissiya yaradılmasının tərəfdarıyıq: “Belə bir addımın atılacağını bəyanatımızda bildirməliyik və Ermənistan rəhbərliyin bizə doğru addım atmayacağı təqdirdə növbəti addımları atacağıq. Ermənistan rəhbərliyi birdəfəlik bilsin ki, bu insanlar öz ata-baba yurdlarına qayıdacaqlar”.
Əslində isə Ermənistanı nə insan haqları maraqlandırır, nə də onların vəziyyəti. Başımıza gələnlərə əsasən bunu əminliklə deyə bilərik ki, İrəvanda oturanları heç Qarabağ erməniləri də maraqlandırmır. Maraqlandırsaydı, regionda baş verənlərdən nəticə çıxarardılar.
Tahirə AĞAMİRZƏ