Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Koçaryan hayların ictimai televiziyasının əməkdaşı Anna Danielyanın sualına cavab olaraq bildirib ki, Azərbaycanın sərhəddə qoşun toplaması və tezliklə müharibə olacağı fikrinin yayılması həqiqətə uyğun deyil və bu mətbuat nümayəndələri tərəfindən ortaya atılaraq hər gün təkrarlanan feyk xəbərdir. Sonra o, aparıcının "baş nazir Nikol Paşinyan ekskolasiyanın mövcudluğu barədə bu yaxınlarda da bildirdi", - deyə müdaxiləsi ilə bağlı bildirib ki, baş nazir hər növ informasiya alır, yəqin ona belə deyiblər. Həqiqətdə isə Azərbaycan ordusu sərhəddə cəmləşdirilməyib. Orada bizimkilərlə onların hərbçiləri təqribən eyni saydadır. Genişmiqyaslı müharibənin nə vaxt başlayacağı ilə bağlı sualı isə o belə cavablandırıb ki, yaxın vaxtlarda belə mühəribə gözlənilmir. Hazırda intensiv olmasa da danışıqlar gedir. Hər şey gələcəkdə məlum olacaq. Qarabağdakı hayların təhlükəsizlik məsələsinə Rusiya sülhməramlıların məsuliyyət daşıdığını vurğulayan hakim partiyanın deputatı vəziyyətin daha da gərginləşməməsi üçün düzgün qərarlar qəbul edilməsinin zəruriliyini də xüsusi qeyd edib və mətbuatı obyektiv olmağa çağırıb.
N.Qaramanlı