10.03.2026, 18:45
AZ EN
10.03.2026, 17:31 42

Azərbaycan regionda geosiyasi və iqtisadi körpü rolunu oynayır

YAZILAR
  • Hazırda dünyada mürəkkəb proseslər baş verir. Yeni geostrateji şəraitdə dövlətlərin beynəlxalq münasibətlər sistemində yeri və rolu məhz həyata keçirilən xarici siyasət kursunun səmərəliliyindən asılıdır. Praqmatik xarici siyasət kursu milli maraqları təmin etməklə yanaşı, ölkələrin qarşısında yeni perspektivlərin yaranmasını da şərtləndirir. Bu kontekstdə Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan nəinki regionda, bütün dünyada nüfuzlu dövlət kimi qəbul olunur.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

Deputat bildirib ki, torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycanın nəinki regionda, bütövlükdə, beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənib. Ölkənin xarici siyasəti isə beynəlxalq hüquq prinsiplərinə əsaslanan, mehriban qonşuluq, qarşılıqlı hörmət və humanizm prinsiplərinə söykənən uğurlu bir xətdir. Regionda sabitliyin təmin olunması, münaqişələrin dinc yolla həlli və humanitar siyasəti bu kursun əsasını təşkil edir. Azərbaycan regionda geosiyasi və iqtisadi birləşdirici körpü rolunu oynayır, enerji və nəqliyyat layihələri ilə qonşuların iqtisadi əlaqələrini dəstəkləyir.

Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemində artan geosiyasi gərginliklər dövlətlər üçün düşünülmüş siyasət yürütməyi tələb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan balanslı və çoxvektorlu xarici siyasət həyata keçirir. Azərbaycan beynəlxalq güclərlə əməkdaşlıq məsələlərində məhz balansı qoruyur və qarşıdurmalardan uzaq siyasət yürüdür. Bununla belə yaxın regionlarda qonşu dövlətlərin ərazilərində baş verən hərbi toqquşmalar ciddi narahatlıq doğurur. Bu mənada, Yaxın Şərqdə alovlanan münaqişə bütün region üçün təhlükədir. Azərbaycan da yaranmış vəziyyətdən narahatdır. Çünki İran Azərbaycanın yaxın qonşusudur, bu ölkədə milyonlarla azərbaycanlı yaşayır. Martın 10-da Azərbaycan İrana humanitar yardım göndərilməsi isə dövlətimizin humanizm siyasətinin göstəricisidir.

“Son vaxtlar İran ətrafında baş verən proseslərlə bağlı müxtəlif ölkələrin Azərbaycanla sıx təmaslar qurması da ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Təsadüfi deyil ki, bir sıra ölkələrin liderləri Prezident İlham Əliyevə zəng edərək Azərbaycana dəstəyini ifadə edir, eləcə də vətəndaşlarının ölkəmiz vasitəsilə təxliyəsinə görə təşəkkürlərini ifadə edirlər. İran ətrafında münaqişənin alovlanmasından sonra bu ölkədəki xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisi vasitəsilə təxliyəsi hələ də davam etməkdədir. Məlumdur ki, Azərbaycan müxtəlif ölkələrə humanitar yardımlar göstərir, ekoloji və təbii fəlakətlər zamanı dəstək nümayiş etdirir. Bu siyasət Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və regionda sülh və əmin-amanlığın bərqərar olmasına xidmət edir. Beləliklə, Azərbaycanın xarici siyasəti milli maraqlarımıza əsaslanmaqla yanaşı, dünyada, o cümlədən regionumuzda sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır”, - deyə deputat vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər