"Vətən səsi" xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyanın rəhbəri olduğu partiyanın deputatı Artur Ovannisyan bildirib. O, sosial media hesabında yaydığı məlumatda qeyd edib ki, Ermənistan ictimaiyyəti kilsə rəhərlərinin şəffaf və açıq fəaliyyət göstərməsində maraqlıdır və ayrılan pulların hara xərcləndiyini bilmək istəyir: “Şənbə və bazar günləri "Facebook" səhifəmdə bu sualla kiçik bir sorğu yayımladım: Erməni Apostol Kilsəsi dövlət qarşısında maliyyə hesabatlı olmalıdırmı? Sorğuda 2679 istifadəçi iştirak edib: “Bəli” – 96 faiz (2575), “Xeyr” 4 faiz (104). Bu istiqamətdə qanunvericilik işləri aparmaq lazımdır”.
Ermənistan konstitusiyasına görə, kilsə dövlətdən ayrıdır və belə bir hüquqi normanın qəbul edilməsi üçün ölkənin əsas qanununun dəyişdirilməsi zəruridir. Lakin Nikol Paşinyanla erməni kilsəsi arasında münasibətlərin rəvan olmaması səbəbindən bu məsələ uzun müzakirələrə, hətta müəyyən ixtilaflara yol açıb. Xüsusilə hökumət nümayəndələrinin bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb etməsindən və 44 günlük müharibədəki məğlubiyyətə görə onun Paşinyanın komandasını tənqid etməsindən sonra münasibətlər daha çox pisləşib. Bu yaxınlarda Baş nazir Nikol Paşinyanın erməni kilsəsisinin rəhbərliyinə üstüörtülü sataşması və hazırkı vəziyyəti Sovet dövrünə aid məşhur lətifə ilə müqayisə etməsi kilsə ilə hökumət arasındakı gərginliyi pik həddə çatıb.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanın "Facebook" səhifəsində yazdığı status müzakirələrə səbəb olub. Onun “Həzrətləri, get dayının arvadını döyməyə davam et, mənimlə nə işin var?” yazması birmənalı qarşılanmayıb. Baş nazirin paylaşımda ermənilərin katolikosu II Qaregini nəzərdə tutduğu ehtimal edilir.
Elxan SALAHOV