“Vətən səsi” xəbər verir ki, “Qırmızı Xaç” Komitəsinin bəyanatında aidiyyəti təşkilatlardan Qarabağda yaşayan ermənilərə humanitar dəstək göstərməli olan BQXK-nin fəaliyyətinin bərpa olunmasına köməklik göstərilməsi xahiş olunur.
Humanitar dəhlizin normal fəaliyyətə başlaması üçün Azərbaycan və Ermənistanın müvafiq hökumət qurumlarının birgə fəaliyyət göstərməsinin vacibliyi qeyd olunur.
“Azərbaycan və Ermənistan siyasətçilərini həftələrdir blokadada olan humanitar karvanlarını mülki əhaliyə yardım etmək üçün buraxmağa çağırırıq” - , deyə BQXK-nin bəyanında bildirilir.
Bəyanatda o da qeyd olunur ki, BQXK-ya sonuncu dəfə bir neçə həftə əvvəl tibbi ləvazimatlar və əsas tələbat mallarının idxalına icazə verilib. Bildirilir ki, “Laçın” nəzarət-buraxılış məntəqəsində tətbiq olunan məhdudiyyətin müddətinin uzanması Qarabağ bölgəsində humanitar yardıma ehtiyacı olan insanların durumunun daha da pisləşməsinə gətirib çıxarıb.
“İsrarlı səylərə baxmayaraq, Beynəlxalq Qızıl Xaç Komitəsi hazırda Laçın dəhlizi və ya Ağdam da daxil olmaqla hər hansı digər marşrutla mülki əhaliyə humanitar yardım çatdıra bilmir. Təşkilat müvafiq qərar qəbul edənləri BQXK-nın ərazidəki əsas humanitar əməliyyatlarını bərpa etməyə icazə verməyə çağırır”, - deyə məlumatda vurğulanır.
Xatırladaq ki, üzərində BQXK-nın loqosu olan yük maşınları vasitəsilə Ermənistandan Qarabağa qanunsuz yüklərin daşınması və həmin nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi hallarına görə iyulun 11-dən Ermənistanla dövlət sərhədində yerləşən “Laçın” nəzarət-buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb. Bu faktlara görə BQXK-nin Ermənistandakı missiyası yol verdikləri səhvlərini etiraf etsə də, belə halların bir daha təkrar olunmayacağına zəmanət yoxdur. Ancaq bəyanatdan göründüyü kimi, beynəlxalq öhdəliklərə və mandatına uyğun üzərinə götürdüyü missiyanı yerinə yetirməkdə aciz qalan təşkilat humanitar karvanlarının Ağdamdan Xankəndiyə buraxılmasını xahiş etməklə Azərbaycan hökumətindən kömək istəyir. Halbuki Azərbaycan hökuməti BQXK-nin Qarabağa humanitar yardımlarının Ağdam-Əsgərən-Xankəndi yolu vasitəsilə daşına biləcəyi ilə bağlı təklifini hələ “Laçın” nəzarət-buraxılış məntəqəsindən keçidin məhdudlaşdırıldığı ilk günlərdən bəyan etmişdi.
Yeri gəlmişkən, 1991-ci ilə qədər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bütün kommunikasıyaları nəqliyyat, o cümlədən sərnişin və yükdaşıma, təbii qaz, elektrik enerjisi, rabitə xətləri Ağdam üzərindən həyata keçirilib. Ağdamdan keçən kommunukasiya xətləri təkcə keçmiş vilayətin deyil, həm də Laçın rayonunun bütün ehtiayclarını təmin edirdi. Çünki paytaxt Bakıdan Xankəndiyə və ətraf ərazilərə, o cümlədən Şuşaya, Laçına ən qısa yol məhz Ağdamdan keçir. Buna görə də ekspertlər bildirirlər ki, Ağdam-Xocalı-Şuşa-Laçın avtomobil yolu, habelə Yevlax-Bərdə-Ağdam-Xocalı (Xankəndi) dəmir yolu ilə sərbəst hərəkət tədricən təmin edilməlidir.
Həmçinin 1991-ci ilə qədər Kəlbəcər rayonunun bütün kommunikasıyaları və nəqliyyat ehtiaycları da keçmiş vilayət ərazindən Bərdə-Tərtər-Kəlbəcər xətti və yolu ilə təmin edilirdi. Bu yolda da sərbəst hərəkət tədricən təmin edilməlidir.
Elxan SALAHOV