01.07.2025, 10:09
AZ EN
10.11.2022, 15:27 656

Qışımız yaza döndü

YARADICILIQ
  • İstedadlı şair, publisist, filologiya elmləri doktoru Ramiz Məmmədzadə 85 yaşında vəfat edib.

O, 1937-ci il yanvarın 1-də Ağdam rayonunda anadan olub. 1958-ci ildə Ağdam şəhər 1 saylı orta məktəbi, daha sonra isə Bakı dəmiryol məktəbini bitirib. Sonra isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsilini davam etdirib. O, 1963-67-ci illərdə Abşeron rayon komsomol komitəsində şöbə müdiri, katib, 1967-68-ci illərdə Azərbaycan KP Abşeron Rayon Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, 1970-1992-ci illərdə Azərbaycan KP MK Siyasi maarif evində məsləhətçi, 1993-2000-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində böyük referent vəzifələrində çalışıb. 1968-70-ci illərdə Bakı Ali partiya məktəbində təhsil alan R.Məmmədzadə 1991-ci ildə Bakı Şəhər Sovetinin deputatı seçilib. 

R.Məmmədzadə "Həmişə sən gələsən" (1978), "Vaxtında açsaydı qönçələr" (1964), "Xatirə bulağı" (1978), "Mühüm partiya işi" (1974), "Qeyrət günü" (1991), "O gecə (20 yanvar)" (1990), "Canpolad əfsanəsi" (1994), "İşıq günü" (2007), "Zirvə" (2009) kimi kitabların müəllifidir.

İllərlə Qarabağ, Ağdam həsrətiylə yaşayan şairə nə yaxşı ki, doğma torpaqlarımızın azadlığını görmək nəsib oldu. Onun elə bu sevinclə də, qələmə aldığı bir neçə şeirini oxuculara təqdim edərək ruhu şad olsun, deyirik.

 

Qarabağ bayatıları

 

Qarabağın gülü - zər

Heç görməyim gülü zar.

Bir bağ sallam, becərrəm,

Gülüm gələr gül üzər.

 

Qarabağda qar qala

Qar qarlayar Qarqara.

Bu torpağın odundan

Heç qovuşmaz qar qara.

 

Qarabağın Ağdamı,

Ağ günədir Ağdamı.

Mənsiz günün-güzarın

Qaradımı, ağdımı?

 

Qarabağda qala var

Əsgəran var, Qala var.

Sənsiz nəyimə gərək

Qala dövlət, qala var.

 

Qarabağda qalandım

Bir alınmaz qalandım.

Sən düşən oda düşdüm

Mən də yandım, qalandım.

 

Qarabağda qal incə,

Əylən incə, qal incə.

Qaşların çapdı məni

Nə ehtiyac qılınca.

 

Qarabağda Şahbulaq

Şah bulaq, padşah bulaq,

Dörd yanında doğmalar

Çağla, gurla, ax, bulaq!

 

Ağdamda o çay evi

 

Bir mahalı bəzərdi,

Adı ellər gəzərdi.

Qızıl taca bənzərdi

Ağdamda o çay evi.

 

Bərbəzəkli şallıydı,

Tarlıydı, qavallıydı

Qəşəngdi, sığallıydı

Ağdamda o çay evi.

 

Kəkotulu, hilli çay

Doğma, bizim elli çay,

Danışan çay, dilli çay

Ağdamda o çay evi.

 

Mürəbbəli süfrəsi

Mat qoyardı hər kəsi.

Bir mənzərə lövhəsi

Ağdamda o çay evi...

 

Söhbət, görüş yeriydi

Tanış-biliş yeriydi,

Elə bil iş yeriydi

Ağdamda o çay evi...

 

Uçub gedib buluda...

Bizi çətin unuda!

Baxın, gəlir budur ha...

Ağdamda o çay evi.

 

Qışımız yaza döndü

Zülmət gündüzə döndü.

Sönməz ulduza döndü

Ağdamda o çay evi!

 

Çərşənbə axşamları

 

Göydən işıq ələnər,

Düz-dünya cilvələnər.

Torpaq nura bələnər

Çərşənbə axşamları.

 

Sən bu tonqallara bax,

Hər həyətdə bir ocaq.

Gəl-gəl deyər bağça-bağ

Çərşənbə axşamları.

 

Hər quş bir sazla gələr,

Yeni avazla gələr,

Novruz da nazla gələr...

Çərşənbə axşamları.

 

Ürəklər şad döyünər,

Oğlanlar çox öyünər.

Qızlar qəşəng geyinər

Çərşənbə axşamları.

 

Qalib yurduma baxın,

Bəxti var bu torpağın.

Gözəldir Qarabağın

Çərşənbə axşamları!

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər