04.08.2025, 16:02
AZ EN
27.07.2025, 20:00 427

Şəhidlərə salam olsun…

YARADICILIQ
  • İstedadlı şair, AYB və AJB-nin üzvü, Azərbaycan Ağsaqqallar Şurasının üzvü, Türk Ağsaqqalları Birliyi İdarə Heyətinin üzvü Tapdıq Abış oğlu Əlibəyli 1961-ci ilin iyul ayının 1-də Yardımlı rayonunun Bürzünbül kəndində anadan olub. Hamarkənd kənd orta məktəbini tərifnamə ilə bitirib. Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Dövlət Universitetində ali təhsil alıb. Ədəbi yaradıcılığa erkən yaşlarından başlayıb.

“Haqqa dayaq doğulmuşuq”, “Torpağın  səsi”, “Ovqatımın aynası”, “Yol  gedənindir”,  “İman qaynağı”, “Fəzilət yolu”, “Söz dərgahına merac”, “Nisgil odu”, “General ucalığı”, “Zirvə işığında, dağlar qoynunda”, “Soyqırım”,  Nahaq qan yerdə qalmaz”, “Zaman kecər, söz qalar”, “Zirvələr səhər nurunda”, “Könül ziyarəti”, “Poetik buta”, “Məslək”, “Ziyalı ömrü” və “Sözün dan yeri” şeir və publisistik  kitabları  çap edilib. Onun dövlət mustəqiılliyimizin bərpa edilməsinin iyirmi  illiyinə ithaf  etdiyi “Azərbaycan” adlı diski (şeirləri səsləndirib: müəllif) kütləvi tirajla işıq üzü  görüb. Müəllifi olduğu “Qanına qəltan Xocalı” adlı poemasına qısametrajlı film çəkilib. Tapdıq Əlibəyli “Heyrət” ədəbi birliyinin qurucusu və rəhbəri, “Konstitusiya” ictimai -siyasi, hüquq qəzetinin, “Heyrət” ədəbi-bədii, elmi-publisistik dərginin təsisçisi və baş redaktorudur.

Qeyd edək ki, şairin "Payız çöhrəsində yazdı 44 gün" adlı kitabı 44 günlük Vətən müharibəsinə həsr olunmuş ilk kitabdır. Tapdıq Əlibəylinin Qarabağı, şanlı zəfərimizi böyük məhəbbətlə və vətəndaş yanğısı ilə vəsf edən şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.

 

CIDIR DÜZÜ

Cıdır düzündəyəm, söhbətim bitməz,
Ruhum “Baharbəndi” seyrə çıxıbdı.
Nalından od qopan Maymun, Əlyetməz,
Toхmaq kişnərtisi şahə qalxıbdı…

 

Topxana meşəsi, Daşaltı çayı
Sanki əl eyləyir Cıdır düzünə…
Sıldırım qayalar ucalıq tayı,
Burda salam verir yer-göy üzünə!

 

Hopub Şəhid qanı qarışbaqarış,
Sinəsin süsləyir Zəfər bayrağı!
Şuşa ucalıqda şəstinə alqış,
Qazi Cıdır düzü, ərlər sorağı!..

 

Qarabağ müharibəsi veteranı, şair-publisist Şükür Müseyiboğluna

 

Sanki misra-misra şütüyür maşın,

Səni Yaradana şükürlər, Şükür!

Sükan arxasında çatılır qaşın,

Yol boyu bir əhdin yadına düşür...

 

Söz açdın əhdindən, dönsən Şuşaya

Bələdçi olmağı etmisən xəyal...

Bir şair illərlə köçkün yaşaya,

Nisgil atəşində necə olar hal?

 

“44 gün” lük bir yol - duyğular həmən...

 İsa bulağında Müseyiboğlu,

Dəyanət, Xanəmir, Hadi, bir də mən

 Baş - başa həm sinə, həm gözü dolu...

 

VAQİFİN MƏQBƏRƏSİNDƏ

 

Ruhumda şeir havası,

Könlümdə Şuşa həvəsi,

Bəmdədi Bülbülün səsi

Vaqifin məqbərəsində.

 

Şəhidin zəfər şöləsi,

Şahanə söz şəlaləsi,

Dilimdə sözün səlisi

Vaqifin məqbərəsində.

 

Şuşanın şirin şivəsi,

Sözümün şəhdi-şirəsi,

“Qarabağ-Xan şikəstəsi...”

Vaqifin məqbərəsində.

 

Dilimdə Vaqif ahəngi,

İstədim tər söz çələngi,

Şuşatək çaları, rəngi

Vaqifin məqbərəsində.

 

Dünyada xarıbülbültək

Olarmı bir rəmz gül-çiçək?..

Şairə salam söyləyək

Vaqifin məqbərəsində.

 

QƏLƏBƏM - QƏLP QƏLBƏ QƏLPƏ

 

Üzümdən-gözümdən işıq ələnir,

Qələbəm qəlp qəlbə qəlpə kimidi...

Üçrəngli Bayrağım nura bələnir,

Sevincə yas tutan bəllidi kimdi...

 

Qürurum, Sərəfim - Azərbaycanım,

Qeyrətsən, Heyrətsən, ərən şəstinlə!

Zəfər yürüşünlə qaynayır qanım,

Dünya hesablaşır artıq Səninlə!..

 

Doğub Qarabağda zəfər günəşi,

Zəfərgözlü şəfəq göz qamaşdırır.

Ordumun çiynində Vətən savaşı

İşğala son qoyur, sədləri aşır...

 

Şaddır Şəhidlərin zəfərlə Ruhu,

Düşməndən qisasın alındı, Vətən!

Ovunur qovrulan torpağın ahı...

Vətən, qəhrəmandır Əsgər, Sərkərdən!

 

ŞƏHİDLƏRƏ SALAM OLSUN

 

Şəhid - yurdun şah damarı,

Əbədiyyət, cənnət barı...

Haqq sevdalı Tanrı yarı

Şəhidlərə salam olsun!

 

Körpələrin yuxusundan,

Süd ətirli qoxusundan,

Dan yerinin yaxasından

Şəhidlərə salam olsun!

 

Ərənlərin dünyasından,

Anaların duasından,

Elin ismət, sonasından

Şəhidlərə salam olsun!

 

Şuşamızın havasından,

"Xarı bülbül" həvəsindən,

Qarabağın nüvəsindən

Şəhidlərə salam olsun!

 

Bayraq, zəfər şöləsindən,

Himnimizin hürr səsindən,

Azərbaycan kürsüsündən

Şəhidlərə salam olsun!

 

Vətənin dağ, qayasından,

Məram, məslək, qayəsindən,

Arzuların boyasından

Şəhidlərə salam olsun!

 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər