01.07.2025, 12:49
AZ EN
07.06.2023, 17:31 598

Ulu Öndərə ithaf edilən “Könüllər fatehi” adlı kitab işıq üzü görüb

YARADICILIQ
  • Bu günlərdə istedadlı şairə Almaz Alıqızının Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr etdiyi “Könüllər fatehi” kitabı işıq üzü görüb. Şairənin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qələmə aldığı bu poema dahi rəhbərə məhəbbətin bədii təcəssümüdür. Bu əsər öz bədii-ictimai səciyyəsi ilə seçilir. Kitabda Ulu Öndərin həyatı, gənclik illəri, hakimiyyətdə olduğu, xalqının təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışı, Azərbaycanın parlaq gələcəyinə hesablanmış böyük ictimai-siyasi fəaliyyəti poetik dillə qələmə alınmışdır.  Səmimiyyət və sevgidən yaranmış bu əsər Ulu Öndərin əziz xatirəsinə böyük ehtiramın poetik səciyyəsi kimi dəyərlidir və müəllifin yaradıcılıq uğurudur.

Qeyd edək ki, Almaz Alıqızı 1957-ci ildə Ağdam rayonunun Sarıcalı kəndində anadan olub. Texniki Universiteti bitirib. Gənc yaşlarından ədəbi yaradıcılığa həvəs göstərən Almaz Alıqızı çağdaş ədəbi mühitində fəal iştirak edir. Mütəmadi olaraq Respublika mətbuatında şeirlərinə geniş yer verilir. “Yurd” jurnalının əməkdaşıdır. AYB-nin üzvüdür. İstedadlı şairə müxtəlif ədəbi və media mükafatlarına layiq görülüb. “Könüllər fatehi” kitabı müəllifin beşinci kitabıdır. Kitabın redaktoru AJB, AYB-nin üzvü,  “Rəzul Rza” mükafatı laureatı Balayar Sadiq, texniki redaktoru Zəhra Səfəralıqızıdır.

Şairənin qələmə aldığı poemadan nümunələri oxucularla bölüşürük:

 

VƏTƏNƏ OĞUL SEÇMİŞ

 

Səma süd kimi aydın,

Qara bulud çəkilmiş,

Yeni ay doğmuş indi.

Havada bir gözəllik,

Havada bir sərinlik.

Şeh düşmüşdü güllərin

Qönçə dodaqlarına,

Vaxt tamam olmuşdu

Ana oğul doğmuşdu.

Yuxusunda deyilən,

Heydər adını vermiş

Ay parçası oğluna.

İsmini Tanrım vermiş

Tanrım, səni xalqına,

Vətənə oğul seçmiş.

 

***

 

Böyük zəkasıyla, düşüncəsiylə,

Zəfər günlərinə çatdırdı bizi.

Öndər işığına bələndi Vətən,

Nura qərq eylədi taleyimizi.

 

Ömrü sipər oldu elin dərdinə,

Haqqı öz çiynində daşıdı Öndər.

Yurdun körpəsindən, qocasınadək,

Bütün könüllərdə yaşadı Öndər.

 

Allah sevgisidir, Allah payıdır,

Müdrik əməlləri Ulu Heydərin.

Odlar diyarının ağır günündə,

Xalqa nicat verdi yolu, Heydərin!

 

QAYIDIŞ

 

Ulu Öndər qayıtdı,

Vətənin dar günündə

Xalqının çətin vaxtı.

Xocalıda faciə,

Əsrin soyqırımı,

Xalqımız yaşamışdı.

Millətin dayağı yox,

Millətin baş biləni.

Millətin ağası yox.

Çan deyənlər olsa da,

Sahib çıxanı yoxdu.

 

QAYIDANDA ÖNDƏRİM

 

Yurd ocağı alışdı,

Küsənlər də barışdı,

Qeyrət dindi, danışdı,

Qayıdanda Öndərim!

 

Söküldü dərd qəfəsi,

Boy verdi haqqın səsi,

Güldü zəfər nəğməsi,

Qayıdanda Öndərim!

 

Ümid verdi fərmanın,

Vaxtı bitdi gümanın,

Gözü gördü zamanın,

Qayıdanda Öndərim!

 

Arzular kama doldu,

Düşmənin üzü soldu.

Ümidlər əyan oldu,

Qayıdanda Öndərim!

 

Tanrıdan rüsxət aldın,

Adın kimi ucaldın.

Çiçək açdı muradın,

Qayıdanda Öndərim!

 

Yurd tanıdı özünü,

Ocağını, közünü,

Yollar açdı gözünü,

Qayıdanda Öndərim!

 

DİNLƏ ÜRƏYİNİN SƏSİNİ, OĞUL

 

Dinlə ürəyinin səsini, oğul,

Qəlbimin işığı, gözümün nuru.

Vətən babaların əmanətidir,

Onu namus kimi əbədi qoru.

 

Tapdım xalqımızın nicat yolunu,

Bu yurdu yenidən qurub yaratdım,

Bilirəm, vəfalı el yaddaşında,

Ümid nəğməsinə dönəcək adım.

 

İstedadlı şairə Almaz Alıqızana yaradıcılığında böyük uğurlar arzulayırıq.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər