Qərbi Azərbaycanın zəngin poeziya ənənələrini layiqincə yaşadan istedadlı qələm sahibi vətənpərvər şairə Rüxsarə Adilin bir neçə şeirlərini "Vətən səsi"nin oxucularına ərməğan edirik.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya
TÜRK QADINI
Dastan olub Türk qadının məhəbbəti, sədaqəti,
Yağılarla döyüşlərdə, savaşlarda şücaəti!
Unudulmaz tariximə yazdırmısan öz adını,
Ana kimi müqəddəssən, mübarizsən, Türk qadını!
Möminə, həm Sara Xatun, Tomris, Nigar, Tuti Bikə,
Qəhrəmanlıq nümunəsi, «Lider Qadın» şərəf bizə!
Şərqin ilkin incisi ki, «Seçilib, həm seç!»- hüququn,
Fədakarca çalışaraq, «dərin zəka»- yolu tutdun!
Məhəbbətə, şirin sözə, nəvazişə möhtac qadın,
Cəmiyyətə, ailəyə həm pərvanə, həm tac qadın,
Ana dilin, mənəviyyat, mədəniyyət dayağısan,
Müdrikliyin, ləyaqətin timsalısan, üz ağısan!
Vətəninə sipər olan şəhid, qazi böyüdən - Sən,
Onlar ilə zirvə oldun, ucalaşdın, böyüdün Sən!
Natavanın nuru Səndə, zərif, təmiz bir çiçəksən,
Dünyamıza nur saçırsan, «Yumşaq güc» tək bir gerçəksən!
YOLLAR, MƏNİ YURDA APAR
Yollar, qucaq aç haqlıya,
Sinəmizdə söz çağlıya,
Dön Qazaxdan Haqqıxlıya,
Yollar, məni yurda apar!
Yurdum, yuvam gəlsin cana,
Mən özüm də din, imana,
Bir baş çəkək Dil(i)cana,
Yollar, məni yurda apar!
Alaçıqqaya təklənib,
Ümidləri çiliklənib,
Qəmin yüküylə yüklənib,
Yollar, məni yurda apar!
Cənnətməkan dağ arası,
O gözəl Dil(i)can dərəsi,
Sağalsın həsrət yarası,
Yollar, məni yurda apar!
Dönüb baş çəkək Polada!
Baş endirək biz bu ada!
Dərəkəndi salaq yada,
Yollar, məni yurda apar!
Tərsə çayı büllur şüşə,
Bir tərəfi gözəl meşə,
Dağın bağrın deşə-deşə,
Yollar, məni yurda apar!
Dağ yuxarı qalx Güneyə,
Gedək çıxaq Ağkilsəyə.
Ahım qalxıb bil ki göyə,
Yollar, məni yurda apar!
Gedib çataq Mürteyilə,
Ormanı adla deyilə.
Gözəlliyi düşüb dilə,
Yollar, məni yurda apar!
Dedim, qismət olaydı kaş,
Durum dağlarnan başabaş,
Bitsin həsrət, bitsin savaş,
Yollar, məni yurda apar!
Bu füsunkar, gözəl tala,
Sinəsində neçə qala,
Könül istər orda qala,
Yollar, məni yurda apar!
Salamlayaq biz Salahı,
Viran qalıb, bitmir ahı,
Zikr eyləyim mən Allahı,
Yollar, məni yurda apar!
Bax, görünür Qaraqaya,
Göz yaşlarım dönür çaya,
Ömrü gün-gün saya, saya,
Yollar, məni yurda apar!
Budur, mənim doğma kəndim,
Şəkərim, noğulum, qəndim.
Çatıb ətrinə bələndim,
Yollar, məni yurda apar!
Bizsiz gör necə darıxıb,
Dumanda azıb karıxıb,
Elə sanır yaddan çıxıb,
Yollar məni yurda apar!
Küskün-küskün baxa bilər,
Məni oda yaxa bilər,
Yaddan necə çıxa bilər?
Yollar, məni yurda apar!
Sağ yanında Yanıqpəyə,
Yayda quraq orda dəyə,
And verirəm yerə, göyə,
Yollar, məni yurda apar!
Lap az qaldı Çaykəndimə,
Apar dogma məktəbimə,
Neynək, toxun sarı simə,
Yollar, məni yurda apar!
Çaykəndin cah-cəlallı var,
Nə vaxtdr ki məlalı var,
Talan olmuş bir halı var,
Yollar, məni yurda apar!
Uludu Bala Əfəndi,
Ulduzları göydən endi,
Kafir viran edib kəndi,
Yollar, məni yurda apar!
Qədim Gölkənd göz dağıdı,
Fələkmi biznən yağıdı?
Dərdim indi duz dağıdı,
Yollar, məni yurda apar!
Göz yaşıynan dolub göllər,
Quruyub çiçəkli çöllər,
Dönüb gəlsin gedən elllər,
Yollar məni yurda apar!
Cıvıxlının dağında qar,
Zirvə qəmli, dərəsi dar,
Durna köçür qatar-qatar,
Yollar, məni yurda apar!
Kirdivanda duraq bir az,
Qoy dillənsin sədəfli saz,
Gözəllikdən doymaq olmaz,
Yollar, məni yurda apar!
Yaylağa dəyməsəm küsər,
Qara-qara yellər əsər,
Bitsin Tanrım bu dərd, bu sər,
Yollar, məni yurda apar!
Bəriabad abad deyil,
Həsrətdən könlü şad deyil,
Hər koması fəryad deyir,
Yollar, məni yurda apar!
Susub dinmir Əmirxeyir,
Yağ balını yağı yeyir,
El-obaya gəl-gəl deyir,
Yollar, məni yurda apar!
Kef-damaqlı günü itib,
Səsi batıb, ünü itib.
Cığırında qanqal bitib,
Yollar, məni yurda apar!
Şorca, Ağbulaq, Ardanış,
Toxlucadan, Cildən danış!
Gedim, gəzim qarış-qarış,
Yollar məni yurda apar!
Ocaq çatım zirvələrdə,
Vətən adlı gözəl yerdə,
Saz dillənsin pərdə-pərdə,
Yollar, məni yurda apar!
Əl eyləyək gədiklərə,
Bu yollara yetiklərə,
Çiçək açsın o dağ, dərə,
Yollar, məni yurda apar!
Nənəm, babam yatan qəbir,
Dərd əlindən batan qəbir,
Hanı gözdən itən qəbir?
Yollar, məni yurda apar!
Apar, gedim simsar olum,
Zirvələrdə ağ qar olum,
Qıyma daha tar-mar olum,
Yollar, məni yurda apar!
O yurddakı qüdrətə bax!
Qəlbi viran, qeyrətə bax!
Könlü talan, hikmətə bax!
Yollar, məni yurda apar!
Rüxsarə haray eyləyir,
Göz yaşını çay eyləyir,
Ürəyim qubar eyləyir,
Yollar, məni yurda apar!
CAN AZƏRBAYCAN
Unutmaz xalqımız Polad tək “nəri”,
Mübarizin örnək gücü, hünəri,
Hikmət Mirzəyevin «Şuşa Zəfəri»,
Belə qalibiyyət görməmiş cahan,
Qeyrət qalasısan, can Azərbaycan!
Qürur, iftixarım «Zəfər Paradı»,
Dostu sevindirdi, kor etdi yadı,
Düşmənin gözündə şimşək oynadı,
Tarixi çox qədim, yaşı çox cavan,
Şərəfim, şanımsan,can Azərbaycan!
Heyif, şəhid qanı içdi torpağın,
Dərdlərə məlhəmdir, “Qalib sorağın”,
Qalxdı zirvələrə Şanlı Bayrağın,
Həmləsi “hay”ları lərzəyə salan,
«Boz qurd» yuvasısan, can Azərbaycan!
Mənimçün əzizdir hər daşı, dağı,
Saralıb ağacdan düşən yarpağı,
Göz açanda kölgəm düşən torpağı,
Yağılarda, hələ ki, əsir qalan,
Köksü yaralısan, can Azərbaycan!
«Dəmir yumruğ»unu vurdun uğurlu,
Qırx dörd günə zəfər çaldın, qürurlu,
Qəlbin mərhəmətli, günəşin nurlu,
Yiyəsiz düşməni qoynuna alan,
Hikmət dühasısan, can Azərbaycan!
BÖL PƏHRİZİNİ
Zaman imtahandır, cavabdeh bizik,
Qoymayaq silinə Vətən izini,
Harada olduqsa dəyişməmişik,
Qoruyub saxladıq el pəhrizini.
Hər kəsə xasiyyət genindən gələr,
Utanmazın səsi qulağı dələr,
Abır gözlədikcə, susmaz, yüksələr,
Bacarırsan qoru, tül pəhrizini!
Qərəz həqiqətin gözünü didir,
İnsanlıq əriyir, ar əldən gedir,
İddia böyüyür, şahlığı güdür,
Yürüdür şər əməl - fel pəhrizini...
Arxalı köpəyi yenəndə qurdu,
Buna tab gətirmək çətindi, zordu,
Bulud ağırlaşıb, qaralıb durdu,
İlğım yetirməzmi, sel pəhrizini?
Namərdin ədası həddi ötəndə,
Ədəb-ərkan, hörmət, izzət itəndə,
Səbrin kasası da dolursa səndə,
Saxlamaq çətindir, dil pəhrizini!
Aqil sussa meydan qalar kütlərə,
At öləndə bayram gələr itlərə,
Dərdli başlar yuva olar bitlərə,
Gərək saxlayasan, tel pəhrizini!
Mükəmməl, vəhdətli anam təbiət,
Düzgün pəhrizinlə, yaşın çox əlbət,
Sənin vərdişlərin olsun nəsihət,
İstərəm, mənimlə böl pəhrizini!
Şəhidin qanıyla alınan, Vətən,
Sənin torpağın da, daşın da ləldir!
Qələbə zəfəri çalınan, Vətən,
Şəhidin, zirvəndə Sönməz Məşəldir!
Unutmaq olarmı heç Şəhidləri,
Bayrağımda qanı, cənnətdə yeri,
Millət iftixarı, ərəni, əri,
Qürurudur kökün, soyun Şəhidlər!
Ölümün gözünə dik baxıb onlar,
Düşməni silahsız, əllə boğublar,
Özü gənc, biləyi aslan oğullar,
Şərəfidir yerin, göyün Şəhidlər!
Adı busə olub dodağa qonar,
Ruhu qartal kimi dağı dolanar,
Bir Şəhid əvəzi mini doğular,
Yenidən yaranar, o gün Şəhidlər!
Əməli gözdə yaş, ürəkdə qürur,
Məqamı ucadır, zirvədə durur,
Eşidib ruhları tapıbdır hüzur! –
"Azaddır dağların, düzün, şəhidlər!
Şəhidinə dəyər verməyən millət,
Vətən torpağında yeriyə bilməz,
Əsrlər boyunca çəkərək zillət,
Nə könlü açılmaz, nə üzü gülməz!
Hazırladı: Tahirə AĞAMİRZƏ