05.08.2025, 11:45
AZ EN
22.12.2022, 09:51 383

Zəngibasar mahalı, Ağhəmzəli kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 6 km cənub-şərqdə, İrəvan-Naxçıvan-Culfa avtomobil yolunun üstündə, Cəbəçili kəndi yaxınlığında yaşayış məskənində 1829-1830-cu illərə qədər ancaq Azərbaycan türkləri yaşamışlar. Həmin tarixdən 1949-1950-ci illərə qədər azərbaycanlılarla ermənilərin yanaşı yaşadığı qarışıq kənd olmuş, 1950-ci ildə bura tamamilə erməniləşdirilmiş, azərbaycanlı əhali deportasiya olunmuşdur.

1590-cı ildə «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Gərni nahiyəsinin Molla Polad kəndi kimi qeydə alınmışdır.

Tədqiqatçı alim Əziz Ələkbərli kəndin adının ağ və Həmzəli sözlərinin birliyindən yarandığını qeyd edib bildirir ki, türk təfəkkür sistemində ağ-qara, kiçik-böyük, yuxarı-aşağı, sağ-sol və s. ayırmaları şəklinə tez-tez rast gəlirik.

Onu da əlavə edək ki, mənbələrdə Qərbi Azərbaycanın bir çox nahiyələrində ağ və ağa komponentinə gəldikdə isə XVI-XVII əsrlərdə İrəvan əyalətinin Zebil nahiyəsində Həmzə, Gərni nahiyəsində Həmzəkənd, Abaran nahiyəsində Həmzəkol, Dərəçiçək nahiyəsində Həmzəgöl, Zarzəmin nahiyəsində Həmzə Camaləddin, Gümrü qəzasında Həmzəçimən adlı kəndlər mövcud olmuşdur. Mənbələr göstərir ki, həmin tayfa Ağqoyunlu hökmdarı Uzun Həsənin əmisi Sultan Həmzədən başlayır. Həmzəlilər Uzun Həsənin dövründə İrəvan çuxuruna köçüb burada məskunlaşmışlar.

1873-cü ilin statistikasında da Ağhəmzəli kəndi haqqında məlumat var.

Ağhəmzə kəndinin Yeni Bəyazit qəzasının Əyricə yaylağında, kənddən 50 vest aralıda 100 desyatin ərazini əhatə edən Daşlıyurd adlı yaylaq yeri olmuşdur.

1918-ci ildə erməni daşnaklarının vəhşi hücumları nəticəsində camaatın bir hissəsi qəddarcasına qətlə yetirilmiş, sağ qalanlar Türkiyəyə pənah aparmışdılar.

Ağhəmzəlilərin az bir qismi Sovet hakimiyyətinin ilk illərində qayıda bilmişdir. Lakin 1948-ci ildə kəndin bütün türk-müsəlman əhalisi Azərbaycana deportasiya olunmuşdur. 1967-ci ilin 25 mayında Ağhəmzəli adı dəyişdirilərək Marmaraşen qoyulmuşdur.

Hazırladı: İsa Musayev

Oxşar xəbərlər