04.08.2025, 18:40
AZ EN
05.11.2022, 10:45 746

Göyçə mahalı, Cil kəndi

QƏRBİ AZƏRBAYCAN

Cil İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənddir. Rayon mərkəzindən 28 km cənub-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. İndiki Çəmbərək rayonu yaradılana qədər (31.XII.1937) Basarkeçər rayonunun tərkibində olmuşdur. Tarixi mənbələrdə kəndin XII əsrdə salındığı göstərilir. Sonuncu fikir erməni saxtakarlığının məhsuludur. Cil kəndi qədim yaşayış məskəni kimi təxminən e.ə. IV-VI minilliyə təsadüf edir. Buna sübut kənddə iki yerdə qədim oğuz turklərinə aid məzarlığı köstərmək olar, birincisi Tikinüsdü məhəlləsindəki və ən qədimi, ikincisi Təpənin dalındakı məzarlıq. Adı çəkilən məzar daşlarındakı yazılar Orxon-Yenisey yazılarına daha yaxındır.

"Cil" toponimi Azərbaycan dilində "torpağın üstünü basan süpürgəvari ot" mənasında işlənən cil sözü əsasında əmələ gəlmişdir. Bu söz Qazax dialektində "otun bir növü", Naxçıvan dialektində "ağacın kökü" mənasında işlənir. Ümumiyyətlə, cil otu bataqlıqlarda bitir və onun kökündə aşı maddəsi olur. Fitotoponimdir. Quruluşca sadə toponimdir.

"Kitabi-Dədə Qorqud"da rast gəlinən yer-yurd adlarının izini Göyçə gölü boyunca hər tərəfdə tapmaq olar. Bu eposda Göyçə mahalı, Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı (bu bulaq Qaraqoyunlu mahalının Yanıqpəyə kəndi ərazisindədir-red) kimi toponimlər azərbaycanlıların qədim yaddaşının və mədəniyyətinin izidir. Göyçə mahalı cənubdan – Ağlağan təpəsi, Dəlik, Çənlibel dağları, Səlimgədiyi, şimalda isə Murğuz, Şahdağ silsiləsi ilə əhatə olunmuşdur. Şah dağından baxanda bu mahal ortasına ayna salınmış güllü bir nəlbəkini xatırladırdı. Göyçə mahalı çox qədim zamanlardan bəri el şairlərinin vətəni olmuşdur. Göyçə mahalında yaşayıb-yaratmış saz ustaları aşıq sənətinə yenilməzlik gətirmişlər. Buranın əhalisi şad günlərdə, qəmli anlarda qədim qopuzun varisi olan sazı kökləmiş və onun sədaları ilə ürək çırpıntısını, daxili sızıltısını ifadə etmişdir. Göyçənin elə bir guşəsi yoxdur ki, orada türk-oğuz izlərinə rast gəlinməsin. Toxluca kəndindəki Qanqalı dağı, Qaraqoyunlunun Göyərçin kəndinin örüşündə Qara Quzey adlı dağ, Zod aşırımında soyuq bulaq uzaq keçmişdən bu günə kimi oğuz türklərinin daş yaddaşı idi. Göyçə elinin şifahi xalq ədəbiyyatı nümunələrindəki mifoloji varlıqlar haqqında inanclarının kökü qədim dövrə gedərək tanrıçılıq, şamançılıq dünyagörüşünə söykənir. Əyə inancı insanlara sağlamlıq, səadət, bərəkət gətirən ocaq hamisi sayılırdı. Qaraçuxa isə tale, bəxt tanrısıdır. Bu tanrıların simvolları xalça sənətinə də keçmiş, onun naxış-kompozisiya həllində iştirak etmişdir.

Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımına qədər kənddə ancaq Azərbaycan türkləri yaşamışlar. Mənbələrdə qeyd olunur ki,  qədim türk runi yazılarındakı “qala, divar”, “yazılı mehrab” asnlamlarında olan sözü türk dillərində “kiçik yarğan” anlamındakı cil sözü, Azərbaycan dilindəki “xırda kolluq” anlamındakı cil sözləri dayanır.

1919-cu ilin yazında erməni quldur dəstələri üç tərəfdən Yeni Bəyazid, Basarkeçər, Göyçə gölü tərfindən kəndə hücum edib, onu yandırmış, bir hissəsini isə mal-mülklərini əllərindən alıb zor gücünə kənddən qovmuşlar. Camaat Şah dağından keçib Azərbaycanın yaxın kəndlərinə sığınmışlar. Yalnız sovet hakimiyyəti qurulduqdan sonra kəndin əhalisi geri qayıda bilmişdir. 1922-ci ildə kəddən 697 nəfər, 1926-cı ildə 824 nəfər, 1931-ci ildə 1041 nəfər, 1970-ci ildə 1595 nəfər,  1979-cu ildə 1490 nəfər, 1987-ci ildə isə 280 təsərrüfatda 1500 nəfər azərbaycanlı yaşamışdır. Ümumi sahəsi 30  kvadrat km olan Cil kəndi əhalisinin əsas məşğuliyyyəti tütünçülük, taxılçılıq, heyvandarlıq və arıçılıq olmuşdur. 1930-cu ildə kənddə kolxoz,  1980-ci ildə bunun əsasında sovxoz yaradılmışdır. Sovxozla birlikdə əhalidə 13000 baş xırda buynuzlu, 2500 baş iribuynuzlu mal-qara olmuşdur. Cil kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, rabitə şöbəsi fəaliyyət göstərmişdir. 1988-ci il noyabrın sonlarında erməni quldur dəstələrinin  vəhşi hücumuna məruz qalan əliyalın silahsız əhali qəddarlıqla dogma yurdundan deportasiya olunmuşdur.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər