17.06.2025, 00:22
AZ EN
27.02.2024, 17:24 396

Qərbi Azərbaycan, Axund Buzavand kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Axund Buzavand kəndi Gərnibasar mahalının düzənlik hissəsində, Qəmərli rayonunun mərkəzi olan Qəmərli qəsəbəsindən 9 km şimal-şərqdə, Gərni çayının sol sahilində, Gərni çayından ayrılan su axarının kənarında yerləşir.

1828-ci ilə qədər kənddə ancaq Azərbaycan türkləri yaşamışlar. 1828-1829-cu illərdə kənddə İrandan gətirilmiş ermənilər yerləşdirilmişdir. Lakin onlar sonradan çıxıb getmiş, kənd 1918-ci ilə qədər tamamilə azərbaycanlı kəndi olmuşdur. 1921-1948-ci illərdə kənddə azərbaycanlılarla ermənilər yanaşı yaşamış, 1948-ci ildən sonra kənd tamamilə erməniləşdirilmişdir.

“İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) Gərni nayihəsinin Buzavand kəndi kimi qeydə alınmış, kəndin Ərdəşir kəndi yaxınlığında yerləşdiyi, ikinci adının Əbdülhacı olduğu və kənddən dövlətin müxtəlif vergilər şəklində ildə 11.500 ağaca gəlir götürdüyü göstərilmişdir.

İ.Şopenin araşdırmasında (1832) Gərnibasar mahalının Axund Buzavand kəndi kimi verilmişdir. Araşdırmalara görə kənd Qızılbaşların Bozavand tayfasının adını daşıyır və “Axunda (İrəvan xanlığının axunduna) məxsus Bozavənd ailələri” mənasındadır.

İ.Şopen araşdırmasında (1832) 20 təsərrüfatda 102 nəfər (55 kişi, 47 qadın) Azərbaycan türkü, 8 təsərrüfatda 35 nəfər ( 17 kişi, 18 qadın) İrandan köçürülüb gətirilmiş erməni qeydə alınmışdır.

Kəndin yarısının İrəvan məscidinin, digər yarısının Axund Şeyxülislamın tiyulları olduğu, Şeyxülislam vəfat etdikdən sonra onun tiyullarının ləğv olunduğu da həmin mənbədə göstərilmişdir.

1873-cü ilin statistik məlumatlarında kəndin mülkədar kəndi olduğu, Gərnibasar mahalının düzənlik hissəsində, Gərni çayının sol tərəfində, Gərni çayından ayrılan su axarının kənarında yerləşdiyi və kənddə 35 təsərrüfatda 210 nəfər (110 kişi, 100 qadın) Azərbaycan türkünün yaşadığı göstərilmişdir. Bu mənbədə kənddə ermənilərin qeydə alınmaması deməyə əsas verir ki, 1828-1829-cu illərdə kəndə köçürülən ermənilər burada duruş gətirə bilməmiş, çıxıb ermənilərin çoxluq təşkil etdiyi kəndlərə getmişlər.

1886-cı ildə kənddə 44 təsərrüfatda 254 nəfər (136 kişi, 118 qadın) Azərbaycan türkü, cəmi 1 təsərrüfatda 7 nəfər müsəlman kürdü yaşamışdır.

1897-ci ildə kənddə 341 nəfər, 1905-ci ildə 322 nəfər, 1914-cü ildə 385 nəfər azərbaycanlı qeydə alınmışdır.

1918-ci ildə erməni daşnaklarının bölgədə törətdiyi azərbaycanlıların soyqırımı zamanı kəndin 400 nəfərdən çox əhalisi də qətl və qarətlərə məruz qalaraq ermənilər tərəfindən doğma kəndlərindən vəhşicəsinə qovulmuş, kənddə İranın Xoy, Salmas bölgələrindən gəlmə ermənilər yerləşdirilmişdir.

1926-cı ildə kəndin qaçqın azərbaycanlı əhalisindən 161 nəfəri geri qayıtmış, bu vaxt kənddə artıq 169 nəfər erməninin yaşadığını görmüşlər. 1931-ci ildə kənddə yaşayan azərbaycanlıların sayı 195 nəfərə çatmışdır.

1948-1949-cu illərdə kəndin bütün türk-müsəlman əhalisi zorla Azərbaycana deportasiya olunmuş və kənd bütünlüklə erməniləşdirilmişdir.

Kəndin Axund Buzavand adı əvvəl dəyişdirilərək Buzovan, 1935-ci il yanvarın 25-də isə Mertik qoyulmuşdur.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR