05.08.2025, 01:05
AZ EN
29.09.2022, 08:00 703

Göyçə mahalı, Şişqaya kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Göyçə mahalı, Basarkeçər rayonunun Şişqaya kəndi İrəvan xanlığının Yeni Bəyazid qəzasında kənddir.

Sarıyaqub və Babacan kəndlərinin Şişqayadan köçənlər tərəfindən salındığı da tarixdən məlumdur. 1528-ci ilə aid mənbələrdə qeyd olunmuşdur ki, əhalinin əsas hissəsi Türkiyənin Ərzurum vilayətindən, Cənubi Azərbaycanın Xoy, Rum, Mazandaran, İsfahan əyalətlərindən və İrəvan mahalının Uluxanlı bölgəsinin Necili kəndindən gələnlər təşkil edirdi. Kəndin adı Qocadağ və Qaradağ adlanan hər iki dağın arasında yerləşən, hündürlüyü 45-50 metrə çatan Şişqayanın adı ilə bağlıdır.

Kəndə dəfələrlə (1905, 1915, 1918-ci illər) silahlı erməni quldur dəstəsi tərəfindən hücumlar olmuş, əhali qırğınlara məruz qalmışdır.

1991-ci ildə aprelin 19-da kəndin adı Qukariç qoyulmuşdur. Hazırda isə adı Qeğamasardır.

Kənd rayon mərkəzindən 20 km, Qərb tərəfdə Göyçə dağının ətəyində Basarkeçər Çəmbərək rayonlarının avtomobil şosesinin üstündə, dəniz səviyyəsindən 2059 metr yüksəklikdə yerləşir. Kəndin eni 1,5 km, uzunluğu isə 3 km-dir. Kənd Babacan kəndi ilə qərb tərəfdən 3 km, şərq tərəfdən 1,5 km, Göysu kəndi ilə  şimal tərəfdən 1,5 km Güney kəndləri ilə həmsərhəddir. Kəndin ərazisi şimal tərəfdən Qocadağ, Qarabağ, cənub hissəsi Göyçə gölü ilə həmsərhəddir. Kəndin 9500 hektar torpağı olmuşdur. Bundan 200 hektar taxılçılıq, 3000 hektar yemçilik, 1600 hektar bağçılıq 1900 hektar tütünçülük və tərəvəzçilik, 1000 hektarı isə otlaq sahələridir.

Kəndin ərazisində adları türk toponimlərindən ibarət çox mənzərəli və gəzməli yerləri vardır. Onlardan tarixi III-V əsrlərə təsadüf edən, üzərində Alban türklərinin yaşamasından bəhs edən, xaç daşlar, tarixi abidələr, kəndin şimal hissəsində xırda qırmızı daşlardan ibarət təpə dini abidələrdir. Abidəyə qonşu kəndlərdən olan sakinlər də nəzir gətirər və niyyət edər, çıraq yandırar, arzu diləyərmişlər.

1905-1907-ci illərdəki I qaçqınlıq zamanı kənd əhalisi tamamilə doğma yurdlarında qalmışdır. Qaçqınlıq zamanı kəndin təxminən 200 evi, 1040-1050 nəfərə yaxın əhalisi olmuşdur.

1918-1920-ci illərdəki II qaçqınlıq zamanı 1919-cu ilin aprelin 13-dən-20-ə qədər quldur erməni daşnağı Andranikin başçılıq etdiyi dəstə kənd əhalsinin əksəriyyətini barışıq adı ilə aldadaraq mal tövlələrinə doldurub vəhşicəsinə yandırmışdır. Sağ qalan əhalinin əksər hissəsi quldur dəstəsi tərəfindən qətlə yetirilmiş, az bir hissəsi kənd yaxınlığındakı dağlar vasitəsilə qaçqın düşmüş, Şəmkir, Gədəbəy rayonlarında məskunlaşmışdır. Sovet hakimiyyəti qələbə çaldıqdan sonra 1921-ci ilin yazında məskunlaşdıqları ərazilərdən yenidən doğma yurdlarına qayıtmışlar.

Qaçqınlıq zamanı kəndin təxminən 250-300 evi, 1500-1600 nəfərə yaxın əhalisi olmuşdur. 1948-1953-cü illərdəki III qaçqınlıq zamanı kənd əhalisi doğma yurdlarında qalmışdır. Kəndin 300-350 evi, 2000-2500 nəfərə yaxın əhalisi  olmuşdur. 1988-1991-ci illərdəki İV qaçqınlıq zamanı kənd əhalisi tamamilə doğma yurdlarından çıxarılaraq qaçqın düşmüşlər. Kənd əhalisi Bakı, Sumqayıt, Abşeron, Gəncə, Şəmkir, Samux, Xanlar, Daşkəsən, Gədəbəyvə başqa yerlərdə məskunlaşmışdır və bu günə qədər həmin ərazilərdə yaşayırlar. Qaçqınlıq zamanı kəndin 550 evi,  3500 nəfərə yaxın əhalisi olmuşdur. Şişqaya kəndinin əhalisi Göyçə mahalında yaşadığı müddətdə adət və ənənələrinə, dini və el bayramlarına sadiq qalmışlar. Aparılan statistik məlumatlara görə, Şişqaya kəndinin 213 nəfərdən artıq müxtəlif ixtisaslar üzrə təhsilli mütəxəssisləri vardır.1930-1932-ci illərdə kənddə dövlət tərəfindən məktəb açılmışdır. Məktəbin inzibati binası olmadığı üçün dərslər imkanlı şəxslərin evlərində keçirilərdi. Kənddə 1930-1932-ci illərdən 1936-1937-ci illərə qədər ibtidai (I-IV), 1936-37-ci illərdən 1939-cu ilə qədər yeddiillik (VII), 1939-cu ildən 1988-ci ilin dekabrına qədər isə (X) məktəb olmuşdur. İlk olaraq Şişqaya kəndinə Basarkeçər rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmiş kənd sakini Abbas Əhmədovun təşəbbüsü ilə 1939-cu ildə iki mərtəbəli hər cür şəraiti, 500 şagirdin təhsil alması üçün məktəb binası tikilmişdir. Şişqaya Göyçənin ən böyük və inkişaf etmiş kəndlərindən biri olmuşdur. Kənddə orta və internat məktəbləri, xəstəxana, aptek, ATS, mədəniyyət evi, klub, poçt məişət evi, uşaq baxçası, müasir dəyirman, univermaq, təsərrüfat mağazası və digər sosial-məişət oblektləri var idi.

1991-ci ildə aprelin 19-da kəndin adı Qukariç qoyulmuşdur. Hazırda isə adı Qeğamasardır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər